İDMAN
Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü gününün səhər sessiyasında finalçılar müəyyənləşib
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də “EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalının atletika yarışlarının üçüncü gününün səhər sessiyasına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, festivalın üçüncü günündə atletika yarışlarının səhər sessiyasında 200 metr məsafəyə qaçış, 400 metr məsafəyə maneələrlə qaçış, üç təkanla tullanma, çəkicatma və çoxnövçülük üzrə yarışlar təşkil olunub.
Qızlar arasında 200 metr məsafəyə qaçış yarışında finala Rasidat Adeleke (İrlandiya), Viktoriya Forster (Slovakiya), Mira Koszegi (Macarıstan), İvana İlic (Serbiya), Serena Kouassi (Fransa), Barbora Spleçtnova (Çexiya), Esperanza Kladera (İspaniya) və Marit Kutman (Estoniya) vəsiqə qazanıblar.
Oğlanlar arasında 200 metr məsafəyə qaçış yarışında da finalçılar məlum olub. Tarzana Kamanqa-Dirbak (Danimarka), Nilo Mustalahti (Finlandiya), Sidney Leger (İsveç), Oliver Vdovik (Polşa), Federiko Cuqlielmi (İtaliya), Özgür Baydemir (Türkiyə), Bens Farkas (Macarıstan), İoannis Kariofillis (Yunanıstan) adlarını finala yazdırmağa müvəffəq olublar.
Festivalda oğlanlar arasında 400 metr məsafəyə maneələrlə qaçış üzrə səkkiz atlet – isveçli Oskar Edlund, isveçrəli Liam Qumprext, xorvatiyalı Stepan Yançik, ispaniyalı İqnasio Saez, türkiyəli Berke Akçam, latviyalı Dmitriys Lasenko, rusiyalı Fyodor İvanov və belaruslu Yahor Xauratoviç finala vəsiqəni təmin ediblər.
Qızlar arasında üç təkanla tullanma növündə 12 atlet finalda mübarizə aparmaq hüququ əldə edib. Beləliklə, bu yarışın finalında Maya Aaskaq (İsveç), Yuliana Dabiya (Moldova), Mame Diarra Sov (İtaliya), Hanna Onufriyeva (Ukrayna), Lesli Raffin (Fransa), Nea Lento (Finlandiya), Aleksia İoana Dospin (Rumıniya), Mariya Dudareva (Estoniya), Sabrina Zralova (Azərbaycan), Mariya Koçanova (Rusiya), Coanna Mosiek (Polşa) və Mariya Kavalierou (Yunanıstan) medallar uğrunda mübarizə aparacaqlar.
Oğlan atletlərin çəkicatma yarışlarında da finalçılar müəyyənləşib. Bu növ üzrə yarışlarda da 12 atlet adlarını finala yazdırıblar.
Axşam sessiyasında qızlar arasında çoxnövçülük, oğlanlar arasında hündürlüyə tullanma yarışları keçiriləcək. Həmçinin 400, 800, 1500 metr məsafəyə qaçış və diskatma üzrə yarışların final mərhələləri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan atletlərindən qızlar arasında 200 metr məsafəyə qaçış yarışında Lamiyə Vəliyeva (25,06 saniyə) və oğlanların 200 metr məsafəyə qaçışında çıxış edən Əli Abdıyevin (22,63 saniyə) göstəriciləri finala yüksəlmək üçün kifayət etməyib.
“EYOF 2019”un atletika yarışlarına iyulun 27-də yekun vurulacaq.