DÜNYA
Avropa İttifaqının “Türk axını”na ehtiyacı var
Berlin, 19 noyabr, AZƏRTAC
Almaniya ekspertlər birliyində “Şimal axını-2” və “Türk axını” qaz kəmərləri layihələrinin həyata keçirilməsi perspektivləri barədə diskussiya davam edir. Məlumdur ki, Ağ ev Baltik dənizinin dibi ilə Rusiyadan Almaniyaya nəzərdə tutulan birinci marşrutun - “Şimal axını-2” qaz kəmərinin əleyhinədir. Bu qaz kəmərinin həyata keçirilməsinin qarşısını almaq üzrə tədbirlər görməkdə Vaşinqton nə qədər uzağa gedə bilər? Bu məsələ Avropa İttifaqı ekspertlərinin müzakirələrində əsas məsələlərdən biri olaraq qalır.
AZƏRTAC xəbər verir ki, energetika məsələləri üzrə ekspert Roland Qots Almaniya KİV-lərinə müsahibəsində ABŞ-ın bu layihəni dayandırmağa nə dərəcədə qadir olduğunu qiymətləndirməkdən imtina edib. Lakin onun fikrincə, artıq Almaniya şirkətləri ABŞ-ın təzyiqləri nəticəsində bu layihədən çıxmağa məcbur olublar. Daha onlar ”Qazprom” ilə birlikdə “Şimal axını”nın mülkiyyətçiləri deyillər, yalnız layihədə maliyyə baxımından iştirak edirlər. Onların qoyduğu sərmayə investisiya xərclərinin 50 faizinə bərabərdir. Amma Almaniya firmalarına maliyyələşdirmə ilə bağlı edilən təzyiqlərin layihəyə ziyan vurmaması üçün həmin vəsait “Qazprom”un özü tərəfindən də ödənilə bilər.
ABŞ-ın məqsədi tranzit ölkə kimi Ukraynanı dəstəkləməkdir. Axı “Şimal axını-2” tam işə salınan zaman Ukrayna iqtisadiyyatı qaz tranzitinə görə hər il büdcəyə daxil olan 2-3 milyard dollar civarında vəsaitdən məhrum olacaq. Vaşinqtonun “Qazprom”u Avropa bazarından sıxışdırıb çıxarmaqda digər məqsədi Amerika maye qazının, habelə Avropanın və dünyanın digər qaz təchizatçılarının bazarda daha yaxşı mövqe tutmalarına şərait yaratmaqdır.
Ekspert belə bir faktı vurğulayıb ki, maye qaz boru kəməri ilə nəql olunan qazdan, ilk növbədə Rusiya qazından bahalıdır və əsasən qazın qiymətinin baha olduğu Cənub-Şərqi Asiyaya göndərilir. Əlbəttə, gələcəkdə vəziyyət dəyişə bilər. Lakin onun fikrincə, ABŞ və digər ölkələrdən olan maye qazın rəqabətədavamlı olacağı barədə təxminlər hələlik sırf mücərrəd mülahizələrdir.
Almaniyanın maye qaz emalı üçün terminal tikmək kimi ciddi niyyəti var. Bu, Almaniyanın energetika siyasətinin əlavə dəstək tədbiridir. Eyni zamanda Almaniyanın başqa ölkələrdən qaz idxalından tam imtina etmədiyini Amerika administrasiyasına göstərmək üçün bir işarədir. Bunun elə də böyük əhəmiyyəti yoxdur, çünki Avropaya gətirilə biləcək maye qazın həcmi boru kəmərləri ilə nəql olunan qazla müqayisə edilməzdir.
Eyni zamanda, Roland Qots əmindir ki, Avropa, ilk növbədə İtaliya “Türk axını”na maraq göstərir. Axı, hazırda İtaliya Avstriya vasitəsilə təchiz olunur. Əgər Türkiyənin qurudan keçən qaz kəmərləri vasitəsilə tranzit azalsa - tamamilə yox, yarıbayarı və ya tam həcmin üçdə iki hissəsi qədər ixtisar edilsə, ölkə problemlərlə üzləşəcək. Bu cür şərtlərdə İtaliya TANAP-TAP marşrutu - yəni Türkiyə, Yunanıstan, Albaniya ərazilərindən dəniz yolu ilə qaz təchizatında maraqlı olacaq.
Ekspertin fikrincə, iki layihənin təchizat həcmi müqayisəedilməzdir. “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin gücü bütövlükdə ildə 110 milyard kubmetrdir. “Türk axını”nın iki qolunun gücü isə 30 milyard kubmetrdən bir qədər çoxdur. Özü də Türkiyədən Qərbə başqa qaz kəmərləri də gedir. “Türk axını” onlardan yalnız biridir. Məsələn, Azərbaycan qazı Türkiyə vasitəsilə Cənub-Qərbi Avropaya, o cümlədən İtaliyaya nəql olunacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin