DÜNYA
Avropa İttifaqının beynəlxalq məsələlər üzrə komissiyasının rəhbəri Joze Boorel İrana səfərə gəlib
Tehran, 25 iyun, AZƏRTAC
Avropa İttifaqının (Aİ) beynəlxalq məsələlər üzrə komissiyasının rəhbəri Joze Boorel İrana səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Aİ-nin nümayəndəsi İranın xarici işlər naziri Hüseyn Əmir Abdulahian və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlərdə İranla Qərb dövlətləri arasında Vyanada aparılan danışıqlar müzakirə olunacaq.
Qeyd edək ki, İranın nüvə proqramının gələcəyi və tətbiq olunan sanksiyaların aradan qaldırılması istiqamətində Vyanada aparılan danışıqlar heç bir nəticə vermədi. Buna baxmayaraq, danışıqların davam etdirilməsi qərara alınıb. Danışıqlarda İran sanksiyaların aradan qaldırılmasını tələb edir. ABŞ isə danışıqlarda birbaşa iştirak etməsə də, Avropadakı müttəfiqlərinin vasitəsilə nüvə proqramı ilə yanaşı, İranın raket proqramının da müzakirə olunmasını təklif edir. Lakin İran raket proqramının müzakirəsini rəsmi Tehranın “qırmızı xətti” hesab edir və bu məsələnin müzakirəyə çıxarılmasının milli maraqlarına zidd olduğunu bildirir.
İran mətbuatında dərc edilən materiallarda qeyd olunur ki, Ukraynada baş verən hadisələr Rusiya-Avropa münasibətlərində gərginlik yaradıb və bunun nəticəsi olaraq Avropa enerji böhranı ilə üzləşib. Aİ nümayəndəsinin Tehrana səfəri İranla enerji məsələlərində əməkdaşlıq əlaqələrini bərpa etməkdən ibarətdir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran