DÜNYA
Avropa Komissiyası Latviyada 3,1 faiz iqtisadi artım proqnozlaşdırır
Bakı, 7 fevral, AZƏRTAC
Avropa Komissiyası (AK) cari ildə Latviyada 3,1 faiz iqtisadi artım proqnozlaşdırır.
AZƏRTAC Latviyanın LETA informasiya agentliyinə istinadla xəbər verir ki, bu bəyanatı AK-nin bu ölkədəki nümayəndəliyi yayıb.
AK-nin vitse-prezidenti Valdis Dombrovskis qeyd edib ki, Latviya sabit iqtisadi artım tempini qoruyub saxlayır və 2018-ci ildə bu göstərici 4,7 faiz olub. Cari ildə isə iqtisadi artımın 3,1 faiz olacağı proqnozlaşdırılır. Əvvəlki kimi, iqtisadiyyatın hərəkətverici qüvvəsi sərmayələrin sürətlə artması və fərdi istehlakın yüksək səviyyəsidir.
2019-cu ildə Avropa iqtisadiyyatında artımın yeddinci il ard-arda davam edəcəyi gözlənilir və Avropa İttifaqına (Aİ) üzv ölkələrin hamısında bu proses davam edəcək. Artım tempi ümumilikdə sürətli olmayacaq. 2018-ci ildə avrozonada və Aİ-də ümumi daxili məhsulun (ÜDM) həcmi 2017-ci illə müqayisədə 1,9 faiz azalıb.
Hazırkı proqnozlara görə, cari ildə ÜDM-nin həcmi 1,3 faiz artacaq, 2020-ci ildə isə bu rəqəm 1,6 faiz olacaq. 2019-cu il üçün Aİ-də ÜDM-nin artım proqnozu 1,5 faiz, 2020-ci il üçün isə 1,7 faiz aşağı salınıb.
2018-ci ildə avrozonada elektrik enerjisinin qiymətlərinin kəskin azalması və ərzaq mallarının qiymətlərindəki artım tempinin cüzi olması inflyasiyanın da aşağı olmasına səbəb olub. Belə ki, həmin il inflyasiyanın ümumi həcmi orta hesabla 1,7 faiz olub. 2019-cu ildə Aİ-də bu rəqəmin 1,4 faiz, 2020-ci ildə isə 1,5 faiz olacağı gözlənilir.
Dombrovskis qeyd edib ki, cari ildə Aİ-nin bütün üzv ölkələrində iqtisadi artım davam edəcək.