Avropa Parlamentinin Azərbaycanın daxili işlərinə qarışması beynəlxalq hüquqa ziddir
AzerTAg.az

Bakı, 29 mart, AZƏRTAC
Son illər Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdəki sürətli inkişafı, demokratiya istiqamətində apardığı uğurlu islahatlar dünya birliyində də etiraf edilir. Azərbaycan Ordusunun öz gücü ilə Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoymasından və torpaqlarımızı düşməndən azad etməsindən sonra ölkəmizin nüfuzu daha da artdı, əlaqələri genişləndi, mövqeyi möhkəmləndi. Bu uğurları gözü götürməyən anti-Azərbaycan və islamofob qüvvələr ölkəmizə qarşı daim təhdid və təzyiqlər edir, daxili işlərimizə qarışır və bununla beynəlxalq aləmdə artan nüfuzumuza kölgə salmağa cəhd göstərirlər. Belə qərəzli və ədalətsiz təşkilatlardan biri də Avropa Parlamentidir (AP).
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, Azərbaycana qarşı ikili standartlar həmişə mövcud olub. Buna baxmayaraq, dünyanın tanınmış ictimai–siyasi xadimləri, ekspertləri, hüquqşünasları, ayrı-ayrı dövlət və hökumət başçıları ölkəmizdə gedən demokratik prosesləri daim yüksək qiymətləndiriblər. Ancaq Avropa Parlamenti Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi ilə uğurlarımıza qısqanclıqla yanaşıb. Bu təşkilat ölkəmiz haqqında qəbul etdiyi son qətnamə ilə siyasi riyakarlığını bir daha təsdiqlədi. Əslində, AP açıq şəkildə Azərbaycanın daxili işlərinə qarışır, bu da beynəlxalq hüquq prinsiplərinə ziddir. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmiş, illər getdikcə bu qurumların fəal üzvlərindən birinə çevrilmişdir. Hətta ölkəmiz AŞPA Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi müxtəlif vaxtlarda iki dəfə bu quruma sədrlik etmiş, hazırda Qoşulmama Hərəkatının sədridir. Faktlar da təsdiqləyir ki, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əlaqələri var. Görünür, bu əməkdaşlıq ermənipərəst təşkilatları, o cümlədən Avropa Parlamentini qıcıqlandırır. Belə olmasaydı, ölkəmiz əleyhinə qərəzli hesabatlar hazırlamaz və qətnamələr qəbul etməzdi.
Avropa Parlamentinin ölkəmiz haqqında sonuncu qətnaməsinə münasibət bildirən Ə.Bədəlov diqqəti bəzi məqamlara yönəldib. Deyib ki, bu qurum yenə də “köhnə bayatılar” səsləndirməklə məşğuldur. Neçə illərdir ki, Azərbaycanda siyasi məhbusların olmaması faktlarla əsaslandırılıb. Ölkəmizə qarşı qərəzli olan bəzi beynəlxalq təşkilatların “siyasi məhbus” adlandırdıqları məhbuslar törətdikləri cinayətləri etiraf edir, əfv olunmaları üçün dövlət başçısına müraciət ünvanlayıblar. Avropa Parlamenti isə heç bir monitorinq aparmadan “siyasi məhbus” adı ilə ölkəmizin getdikcə artan nüfuzuna xələl gətirmək istəyir: “Eləcə də Siyasi partiyalar haqqında” , “Media haqqında” qanunları gözdən salmağa çalışır. Halbuki, həmin qanunlar qəbul edilməzdən əvvəl ictimai dinləmələr keçirilmiş, inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilmiş, Venesiya Komissiyasının, o cümlədən beynəlxalq ekspertlərin müsbət rəyləri alınmışdır. Avropa parlamenti rəhbərinin nəzərinə çatdıraq ki, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si qanun layihəsində nəzərə alınıb. Görəsən bütün bunlardan sonra Avropa Parlamenti daha kimlərin rəylərinin alınmasını istəyirmiş? Qətnamədə ölkəmizdə insan haqlarının pozulması haqqında fikirlərin yer alması Avropa Parlamentini gülünc vəziyyətə salıb. Çünki artıq Azərbaycanda hər il bayramlarda əfv sərəncamının və Amnistiya aktının imzalanması ənənə halını alıb. Bu humanist addım dünyanın əksər nüfuzlu təşkilatları tərəfindən yüksək dəyərləndirilsə də, Avropa Parlamentinin bunu görməməsi və eşitməməsinin bir adı var: siyasi korluq və karlıq.
Siyasi şərhçi qətnamədə Laçın-Xankəndi yolunda keçirilən aksiyaya münasibət bildirilməsinin bu qurumun ədalətsizliyinin növbəti göstəricisi olduğunu bildirib. Əgər Azərbaycan öz ərazisində hər hansı bir aksiya keçirirsə, bunun digər ölkələrə, o cümlədən Avropa Parlamentinə nə aidiyyəti var? Bu, ölkəmizin daxili işidir. Digər tərəfdən Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin talan edilməsinə etiraz etmək haqqımız çatmırmı? Əgər Avropa Parlamenti özünü insan hüquq və azadlıqlarının, haqq-ədalətin, müdafiəçisi hesab edirsə, niyə Ermənistanın 30 illik işğalçılıq siyasətinə, törətdikləri terror aktlarına , sərhədboyu ərazilərdəki təxribatlarına, günahsız soydaşlarımızın qətlə yetirilmələrinə indiyədək münasibət bildirməyib? Axı, bütün bunlar BMT Təhlükəsizlik Şurasının, QİƏT-in, AŞPA-nın, Qoşulmama Hərəkatının və digər beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələrdə öz əksini tapıb.
Qətnamədə ikrah doğuran məsələlərdən biri də bir qarın çörəkdən ötrü Avropada anti-Azərbaycan qüvvələrin qoltuğuna sığınmış, adını azərbaycanlı qoyan bəzi üzüdönük “blogerlərə”, guya, təzyiqlərin göstərilməsidir. “Görəsən təzyiq göstərilən “blogerlər” kimlərdir? Ermənipərəst qüvvələrin sifarişi ilə ölkəmizə, ayrı-ayrı məmurlara, mədəniyyət və incəsənət xadimlərinə küçə söyüşləri söyən bu “blogerlərə” azərbaycanlı deməyə xəcalət çəkirik. Bütün bunlar bir yana, görəsən, həmin “blogerlər” söyüşləri, təhqirləri, yaramaz ifadələri Avropa Parlamentinin rəhbərlərinin və deputatlarının özlərinə, valideynlərinə, uşaqlarına və yaxınlarına ünvanlasaydılar, onlar dözərdilərmi?” -deyə Ə.Bədəlov bildirib.
Xəbərin mətnində orfoqrafik səhv var