SİYASƏT
Avropa Şurasının Azərbaycandakı ofisinin yeni rəhbəri Ombudsman Aparatında olub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin yeni təyin olunmuş rəhbəri Zoltan Hernyes ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə E.Süleymanova ölkəmizdə ilk ombudsman təsisatının yaradılması, bu təsisatının fəaliyyət istiqamətləri, regional mərkəzləri, insan hüquqlarının müdafiəsi, təbliği və təmini istiqamətində həyata keçirilən işlər, beynəlxalq təşkilatlarla qurulan əməkdaşlıq əlaqələri haqqında ətraflı məlumat verib.
Müvəkkil fəaliyyət dövrü ərzində Avropa Şurası ilə insan hüquqları sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğunu, bu qurumla birlikdə seminar və treninqlərin keçirildiyini, səmərəli təcrübə mübadiləsinin aparıldığını söyləyib.
E.Süleymanova Azərbaycan Ombudsman İnstitutunun Paris Prinsiplərinin tələblərinə tam cavab verdiyi üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı nəzdində fəaliyyət göstərən Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsi (BƏK) tərəfindən ən yüksək “A” statusu ilə akkreditə olunduğunu diqqətə çatdırıb.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş və hazırda uğurla həyata keçirilən “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı ombudsman tərəfindən respublikanın şəhər və rayonlarında ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.
Avropa Şurası ilə gələcək əməkdaşlığın prioritet istiqamətlərinə toxunan müvəkkil beynəlxalq sənədlər, o cümlədən insan hüquq və fundamental azadlıqları haqqında Avropa Şurasının Konvensiyası, Azərbaycan Respublikası ilə Avropa Şurasının birgə əməkdaşlıq planı üzrə regionlarda geniş maarifləndirmə tədbirlərinin təşkili, bu məqsədlə müxtəlif nəşrlərin, dərs vəsaitlərinin hazırlanlaraq çap edilməsi, təcrübə mübadilələrinin keçirilməsi, “Ruhi xəstələrin saxlanılma şəraiti və onlarla rəftara dair Avropa Minimum Standartları” üzrə təlimlərin təşkil edilməsi, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə nəzarətin həyata keçirilməsi, həmçinin “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində nəzərdə tutulmuş müstəqil monitorinq mexanizmi kimi fəaliyyətin daha da təkmilləşdirilməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin qurulması kimi təkliflər irəli sürüb və qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 25 ildən çoxdur davam etdiyini vurğulayan ombudsman yaxın gələcəkdə Avropa Şurası tərəfindən ölkəmizin ərazi bütövlüyü bərpa olunmaqla, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarına qayıtmaları şərti ilə münaqişənin sülh yolu ilə həll olunması istiqamətində konkret tədbirlərin görüləcəyinə ümidvar olduğunu qeyd edib.
Zoltan Hernyes ombudsman təsisatının Avropa Şurasının əsas tərəfdaşlarından biri olduğunu bildirib, qurulan əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində marağını ifadə edib. O, ombudsman təsisatının “A” statusu ilə akkreditasiya edilməsinin səmərəli və uğurlu fəaliyyətin göstəricisi olduğunu vurğulayıb. Müvəkkilin təkliflərini müsbət qarşılayan qonaq birgə layihə və tədbirlərin keçirilməsinin məqsədəuyğun olduğunu, ombudsman təsisatının fəaliyyətinə dəstək verəcəyini ifadə edib.