CƏMİYYƏT
Avropa Şurasının nümayəndə heyəti Vəkillər Kollegiyasında olub
Bakı, 14 iyun, AZƏRTAC
Avropa Şurasının İnsan Hüquqları Siyasəti və İnkişaf Departamentinin rəhbəri Mixail Lobovun rəhbərlik etdiyi nümayəndə heyəti Vəkillər Kollegiyasının Rəyasət Heyətində olub.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, görüşün məqsədi Avropa Şurasının 2018-2021-ci il Azərbaycan üzrə Fəaliyyət Planı çərçivəsində Kollegiya ilə Avropa Şurası arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.
Kollegiyanın sədri Anar Bağırov Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında formalaşmış faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnun qaldığını ifadə edib, xüsusilə vəkillərin və vəkilliyə namizədlərin peşəkar hazırlıqlarının artırılmasında Avropa Şurasının dəstəyini xüsusi vurğulayıb və bu xüsusda qonaqlara təşəkkürünü bildirib.
Daha sonra müzakirələr çərçivəsində 2018-2021-ci illər üzrə Fəaliyyət Planına uyğun olaraq, vəkillərin davamlı tədrisi çərçivəsində onların HELP proqramı üzrə tədrisinin davam etdirilməsi, vəkilliyə qəbul prosesinin daha da asanlaşdırılması, ilkin və davamlı tədrisə dəstək verilməsi, vəkillərin intizam icraatı prosesinin təkmilləşdirilməsi və vəkillərin etik davranış kodeksinə riayət edilməsi sahəsində fəaliyyət və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mixail Lobov Fəaliyyət Planına uyğun olaraq aztəminatlı əhaliyə pulsuz hüquqi yardım xidmətlərinin göstərilməsi ilə bağlı Vəkillər Kollegiyasının regional ofislərinin işinə dəstək verilməsi üzrə fikirlərini bölüşüb.