İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın kapital bazarlarında həyata keçirilən islahatları müsbət qarşılayır
Bakı, 5 dekabr (AZƏRTAC). Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Milli Valyuta və Kapital Bazarlarının İnkişafı üzrə direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
Komitənin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, QKDK sədri Rüfət Aslanlı qonaqlara ölkənin qiymətli kağızlar bazarı haqqında ətraflı məlumat vermişdir. R.Aslanlı Azərbaycanın kapital bazarlarında peşəkar fəaliyyət göstərə biləcək maliyyə institutlarının formalaşdığını və ticarət üçün hüquqi platformanın mövcud olduğunu, eləcə də bazarda klassik ticarət imkanlarının təmin edildiyini vurğulamışdır. QKDK-nın sədri “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq, bazarda yeni imkanların yarandığını, qabaqcıl beynəlxalq standartların tətbiqi istiqamətində müəyyən nailiyyətlərin əldə olunduğunu, son dövrdə investorlar arasında İPO-lara marağın artdığını görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Sədr regionun inkişafında mühüm rol oynayan AYİB ilə əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirdiyini və birgə layihələrin həyata keçirilməsində əməkdaşlıqdan məmnunluğunu bildirmişdir.
AYİB-in Milli Valyuta və Kapital Bazarlarının İnkişafı üzrə direktoru Andre Küüsvek beynəlxalq maliyyə bazarlarında baş verən proseslər barədə danışmış, Azərbaycanın kapital bazarlarında qabaqcıl beynəlxalq standartların tətbiqi məqsədi ilə müxtəlif istiqamətlərdə həyata keçirilən islahatların AYİB tərəfindən müsbət qarşılandığını bildirmişdir. Qonaq yerli bazarda işgüzar əlaqələrin qurulması sahəsində potensialın yüksək olduğunu və qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanlarından yararlanmaq istəklərini diqqətə çatdırmışdır.
Sonda QKDK ilə AYİB arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.