SİYASƏT
Avropa demokratiya və idarəetmə Komitəsinin yaşıl dövlət idarəçiliyinə dair konfransı başa çatıb VİDEO




Strasburq, 29 aprel, AZƏRTAC
Avropa demokratiya və idarəetmə Komitəsi (CDDG) və Nazirlər Komitəsinə sədrlik edən İslandiyanın birgə təşkilatçılığı ilə Strasburqda keçirilən “Yaxşı demokratik idarəetmə kontekstində yaşıl dövlət idarəçiliyi: Avropanın yaxşı təcrübələrinin mübadiləsi” mövzusunda konfrans başa çatıb.
AZƏRTAC xəbər verir ki, Avropa Şurasına üzv dövlətlərin rəsmi nümayəndələrinin qatıldıqları konfransda Azərbaycanı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin bu komitə üzrə nümayəndəsi Vüqar Əliyev təmsil edib.
Konfransda Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının bu il mayın 16-17-də İslandiyanın paytaxtı Reykyavikdə keçiriləcək 4-cü Zirvə görüşünə hazırlıq məsələləri, eləcə də Zirvə görüşünün gündəliyinin layihəsi müzakirə olunub.
Bu gün ətraf mühitin deqradasiyası və qlobal istiləşmə ilə bağlı təhdidlər, təbii ehtiyatların azalması, biomüxtəlifliyin itirilməsi, istehsal üsulları, qeyri-davamlı istehlak və artan dünya əhalisi, iqlim və ekoloji problemlərin həlli beynəlxalq siyasi gündəmin əsas mövzularıdır. Bu baxımdan konfrans “yaşıl dövlət idarəçiliyi” hədəflərinin və onların təşviqi yollarının müəyyənləşdirilməsində, ətraf mühit, iqlim dəyişikliyi mülahizələrinin qərarların qəbuluna inteqrasiyasının təşviqində aparıcı rol oynayır.
Panel müzakirələrdə ekspertlər “yaşıl dövlət idarəçiliyi”nin vacibliyi, hökumətlərin nəzərdən keçirməli olduqları aktual siyasət prioritetləri, onların təyin edilməsi, demokratik idarəetmə prinsiplərinin transformasiya proseslərində rolu, iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi üçün əsas ictimai və siyasi problemlər, onların öhdəsindən gəlinməsi yolları, iqtisadiyyatın və cəmiyyətin yaşıl keçidinin demokratik legitimliyinin təyin edilməsi kimi məsələlər ətrafında fikirlərini bölüşüblər.
Bildirilib ki, dövlət idarəçiliyi daha dayanıqlı iqtisadiyyata keçiddə əsas lider ola bilər. Çünki o, konkret hədəflərin müəyyən edilməsi, daxili təlimatların tətbiqi, yaşıl büdcənin və satınalmanın təşviqi, xarici tərəfdaşların səylərini dəstəkləmək də daxil olmaqla, geniş fəaliyyət mexanizmlərinə malikdir.
Konfransda üzv dövlətlərin yaxşı təcrübələri müzakirə olunub və mümkün tövsiyələr müəyyənləşdirilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq