DÜNYA
Avropanın qaz anbarlarında yayda toplanan yanacağın beş faizdən də az hissəsi qalıb
Bakı, 19 fevral, AZƏRTAC
2022-ci il fevralın 17-nə olan məlumata əsasən, yayda Avropanın yeraltı qaz anbarlarına toplanan mavi yanacağın 95,3 faizi boşalıb. Yəni anbarlada beş faizdən də az qaz qalıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Avropanın yeraltı qaz anbarlarında aktiv mavi yanacağın həcmi ötən ildə qeydə alınan səviyyədən 21 faiz və ya 8,3 milyard kubmetr azdır. Bununla yanaşı, yay mövsümündə toplanan qazın 95,3 faizi və ya 44,8 milyard kubmetri sərf olunub.
“Qazprom” kompaniyasının məlumatına görə, 2022-ci il yanvarın 11-dən etibarən Avropanın yeraltı qaz anbarlarında ehtiyatın səviyyəsi uzun illər müşahidə olunan minimumdan aşağı düşməyə başlayıb. Bununla yanaşı, Avropa anbarlarının ümumi doluluq səviyyəsi 32 faiz təşkil edir. Hazırda Almaniya anbarlarının 60 faizi, Fransa anbarlarının isə demək olar ki, 75 faizi boşdur. Avropanın yeraltı qaz anbarlarından mavi yanacağın çıxarılması adətən mart ayının sonlarına – aprel ayının ortalarına qədər davam edir.