DÜNYA
Avstraliyada meşə yanğınlarını güclü yağış əvəz edib
Tokio, 10 fevral, AZƏRTAC
Avstraliyalı meteoroloqların bildirdiyinə görə, 48 saat ərzində Sidney şəhərinə iki aylıq norma həcmində yağış yağıb.
AZƏRTAC Avstraliya KİV-lərinə istinadla xəbər verir ki, növbəti təbii fəlakət nəticəsində minlərlə insan təxliyə edilib.
Meteoroloqların bildirdiyinə görə, bu, 1998-ci ildən sonra regionda ən güclü yağışlardır. Nəticədə şəhərin küçələri su altında qalıb, güclü qasırğa ağacları kökündən çıxarıb, elektrik xətlərini qırıb. Dənizdə dalğanın hündürlüyünün 14 metrə çatdığı bildirilir.
Nəticədə təqribən 150 min nəfər elektrik enerjisiz qalıb, 3,3 min nəfər isə xilasetmə xidmətinə yardım üçün müraciət edib. Sidney şəhərində və ətrafda 38 məktəb bağlanıb, bərələrin və ictimai nəqliyyatın hərəkəti dayanıb.
Sinoptiklərin proqnozlarına görə leysan yağışlar növbəti istirahət günlərinədək davam edəcək.
Qeyd edək ki, Avstraliyaya güclü yağışlar meşə yanğınlarından sonra baş verib. Son məlumatlara əsasən, bu yanğınlar nəticəsində 20 milyon hektar ərazi yanıb, 27 nəfər həlak olub, milyardadək canlı məhv olub. Mütəxəssislərin rəyinə görə, qitənin bərpası üçün 100 il vaxt lazım gələcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio