DÜNYA


Avstriya və İsveçrə qanunsuz miqrasiyaya qarşı Fəaliyyət Planı barədə razılığa gəliblər

Vyana, 29 sentyabr, AZƏRTAC

Avstriya və İsveçrə qanunsuz miqrasiyaya qarşı mübarizədə daha sıx əməkdaşlıq etmək niyyətindədirlər. Bu məqsədlə iki ölkə arasında Fəaliyyət Planı imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Avstriya tərəfindən federal daxili işlər naziri Qerhard Karner, İsveçrə tərəfdən isə onun həmkarı Karin Keller-Sutter imzalayıb. Fəaliyyət Planına əsasən, tərəflər birgə sərhədlər boyunca reydlərin sayını artıracaq və qanunsuz miqrasiyaya qarşı birgə tədbirlər həyata keçiriləcək. Buraya avtomobil yolları ilə yanaşı dəmir yolunda nəzarətin gücləndirilməsi də daxildir. Eyni zamanda Balkan ölkələri ilə bir sıra ölkələrlə mövcud viza qaydalarının sərtləşdirilməsi istiqamətində danışıqlar aparılacaq. Xüsusilə Serbiyanın bir sıra ölkələrlə vizasız rejimə dair anlaşması Hindistan, Burundi, Tunis və başqa ölkələrdən gələn şəxslərin Avropa ölkələrinə daxil olmasını asanlaşdırır.

Qeyd edilib ki, hər iki ölkədə son aylarda qanunsuz miqrasiya hallarının artımı müşahidə edilir. Bu problemin öhdəsindən təkbaşına gəlməyin mümkünsüzlüyünü vurğulayan nazirlər ölkələr arasında əməkdaşlığın gücləndiriləcəyini ifadə ediblər. Həmçinin qeyd edilib ki, qanunsuz miqrasiya üçün tranzit ölkə kimi istifadənin də qarşısı alınmalıdır.

Nazir Q. Karner bildirib ki, Balkan ölkələrinin viza qaydalarının Şengen standartları ilə uzlaşdırılmasına nail olmaq üçün Avstriya Avropa Komissiyasına məktubla müraciət edib. Müraciət İsveçrə ilə yanaşı Sloveniya, Xorvatiya və Almaniya tərəfindən dəstəklənib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.