DÜNYA
Avstriyada kənd təsərrüfatı sahəsində hər beş müəssisəsindən biri “bio” sertifikatına sahibdir
Vyana, 8 fevral, AZƏRTAC
Avstriyada bioloji cəhətdən təmiz məhsul istehsalı bir trend kimi inkişaf etməkdədir. Hazırda ölkənin kənd təsərrüfatı üçün yararlı ərazilərinin 25 faizi ekoloji cəhətdən təmiz istifadə edilir, kənd təsərrüfatı müəssisələrinin 20 faizi isə “bio” sertifikatına sahibdir.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə Avstriyada “bio” sertifikatlı təsərrüfatların sayı 23 min 477-ə çatıb. Həmin müəssisələr ümumilikdə 637 min 805 hektar ərazidə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olublar.
Ölkənin kənd təsərrüfatı naziri Elizabet Köstinqer bildirib ki, qlobal iqlim dəyişikliyi və bazarlarda qiymətlərin təzyiqi yerli fermerlərdə innovativ istehsal metodları və “bio” əkinçiliyə marağı artırır. Bu isə onların ənənəvi istehsala qarşı cəlbedici alternativ kimi rəqabət qabiliyyətinə müsbət təsir göstərir.
Nazirlikdən bildirilib ki, 2018-ci ilin payızında daha 895 fermer təsərrüfatının bioloji təmiz fəaliyyət barədə qərar verməsi cari ildə əlavə 28 min hektar ərazinin “bio” sertifikatlı sahələrə əlavə edilməsinə səbəb olacaq. Ölkədə zülallı bitkilərin (lobya və noxud) istehsalının üçdəikisi, soya bitkilərinin 30 faizi “bio” təsərrüfatların payına düşür. Belə təsərrüfatların 80 faizində isə fermerlər heyvandarlıqla da məşğul olurlar.
Bununla da Avstriya ekoloji cəhətdən təmiz kənd təsərrüfatına görə dünyada ən qabaqcıl yerlərdən birini tutur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana