DÜNYA
Avstriyada üç referendum təşəbbüsünə start verilib
Vyana, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Avstriyada üç referendum təşəbbüsü üçün imzatoplama kampaniyasına start verilib.
AZƏRTAC xəbər verir ki, bir həftə davam edəcək kampaniyada qastronomiya obyektlərində tütün məhsullarından istifadənin qadağan edilməsi, əmək bazarında qadınlara kişilər qədər şans bərabərliyinin verilməsi və ölkənin teleməkanında əsas fiqur olan Avstriya Teleradiosu (ORF) üçün əhalidən tutulan rüsumun ləğv edilməsi ilə bağlı imza toplanacaq. İmza kampaniyasında iştirak etmək istəyənlər ölkənin bələdiyyə və yerli icra nümayəndəliklərinə getməklə yanaşı, internet vasitəsilə mobil imza və vətəndaş kartlarından istifadə ilə kampaniyaya qoşula biləcəklər.
Avstriyanın Daxili İşlər Nazirliyindən bildirilib ki, oktyabrın 8-də axşam saatlarında hər üç kampaniya üzrə yekun nəticələr elan olunacaq. Ölkə qanunvericiliyinə görə, 100 mindən artıq imza toplanan təşəbbüsün ümumxalq səsverməsinə çıxarılma hüququ var.
Hər üç kampaniya üzrə təşəbbüs qrupları ümumilikdə 1,65 milyon imza toplanacağına ümid edirlər. Tütün əleyhdarlarını öz ətrafında birləşdirən Vyana Həkimlər Palatası və Avstriya Xərçəng Xəstələrinə Yardım Təşkilatı bu ilin fevral-aprel aylarında kampaniya üçün 591 min dəstək imzası toplamışdılar. Bu həftə ərzində bir milyon imzalıq limiti keçəcəklərinə ümid edən təşəbbüsçülər bu kampaniyanın ölkə tarixində ən çox imza toplanan üç imza kampaniyasından birinə çevriləcəyi istiqamətində səy göstərirlər.
Qeyd edək ki, indiyədək Avstriyada 39 referendum təşəbbüsü baş tutub. Qeyd edilən üç təşəbbüsdən yalnız birinin – siqaret əleyhinə kampaniyanın referendumla nəticələnmə şansı yüksək qiymətləndirilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana