CƏMİYYƏT
Avtomobildə marixuana, bıçaq, tapança, patron və ratsiya aşkarlanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Gömrükçülər narkotik vasitə və silah-sursatın gömrük orqanına bəyan olunmadan ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn Rusiya Federasiyası vətəndaşının idarə etdiyi "Ford Mondeo" markalı minik avtomobilinə baxış keçirilib.
Yoxlama zamanı öncə avtomobilin yük yerindəki sellofan bükülünün içində 1 ədəd kabura ilə birlikdə bıçaq və 1 ədəd "Kenwood" markalı, LB-75L model ratsiya aşkarlanıb. Sonra yük yerində, ehtiyat təkərin yanında sellofana bükülmüş siqaret qutusunda 20 qram narkotik vasitə - marixuana aşkar edilib. Daha sonra avtomobilin salonunda, cihazlar panelinin sağ hissəsindəki sandıqçada isə üzərində "Maqnum; patron 9 mm travmatiçeskiy" markalanma yazısı olan 23 ədəd patron və 1 ədəd tapança aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.