ELM VƏ TƏHSİL
“Axundzadə irsinə fəlsəfi baxış” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu və Nizami adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Axundzadə irsinə fəlsəfi baxış” mövzusunda beynəlxalq konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Fəlsəfə və Sosiologiya İnstitutundan bildirilib. İnstitutun baş direktoru fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə tədbirdə Mirzə Fətəli Axundzadənin elmi yaradıcılığına diqqət çəkib. Alim qeyd edib ki, M.F.Axundzadənin fəlsəfi düşüncələrinin formalaşmasında yaşadığı mühitin, dövrünün ziyalılarının, oxuduğu klassik və dünya ədəbiyyatı nümunələrinin böyük təsiri olub. M.F.Axundzadə topladığı bu bilikləri cəmləyərək öz müasir tipli fəlsəfi konsepsiyasını ortaya qoyub. Bu gün də istər ədəbiyyat nümayəndələri, istərsə də filosoflar onun bu görüşlərindən bəhrələnirlər.
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli M.F.Axundzadənin XIX əsr Azərbaycan ədəbiyyatına gətirdiyi yenilikləri vurğulayaraq onun Azərbaycan nəsrinin və dramaturgiyasının əsasını qoyduğunu xatırladıb. Akademik qeyd edib ki, o, Azərbaycan ədəbiyyatının klassik ənənələrindən çıxış edərək Molla Pənah Vaqif və Qasım bəy Zakir ənənələrini, realizmi inkişaf etdirməklə Azərbaycan ədəbiyyatı tarixində fəlsəfi baxışların da əsasını qoyub. Məhz onun “Kəmallüdövlə məktubları” traktatı XIX əsrin ortalarında demokratik fikir inkişafının özülünü təşkil edir. O, bu fikrini “Aldanmış kəvakib” əsərində sanki nəzəriyyədən təcrübəyə gətirib və cəmiyyətdə xalq hakimiyyətinin – demokratik hakimiyyətin təntənəsini göstərib. M.F.Axundzadənin ictimai-siyasi görüşləri, fəlsəfi baxışları onun dram əsərlərində də öz əksini tapıb. Belə ki, bədii fəndlərlə cəmiyyətdə gedən inqilabi prosesləri “Müsyo Jordan” və Dərviş Məstəli şah” əsərində bədii obrazlarla ifadə edib. M.F.Axundzadə poeziyasında da klassik şeir ənənələrindən yeni üsluba keçid, yəni əruz vəznindən heca vəzninə keçid yollarını göstərir. Odur ki, onun əsərləri Azərbaycanda XIX əsrdən başlayaraq bu günümüzə qədər öz ictimai-siyasi-fəlsəfi tutumuna görə həmişə müasirdir.
Konfransda Ədəbiyyat İnstitutunun, eləcə də Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları M.F.Axundzadənin yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər. Həmçinin Əl-Fərabi Universitetinin professoru Naqima Baytenovanın “M.F.Axundzadə - dramaturq, filosof”, Sorbon Universitetinin professoru Zarkone Tiyerinin “M.F.Axundzadə: İslam və təsəvvüfün tənqidi”, Atatürk Universitetinin professoru Kerem Karabulutun “M.F.Axundzadə irsi Türkiyə araşdırmalarında”, Əlcəzair Milli Elmi Araşdırmalar Mərkəzinin professoru Zaim Xənşələvinin “Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində mədəni və intellektual mühit” mövzularında məruzələri dinlənilib.