İQTİSADİYYAT
“AzDoc” “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir
Bakı, 5 dekabr, AZƏRTAC
“AzDoc” elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, yerli mütəxəssislər tərəfindən hazırlanan “AzDoc” təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burada sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və sair əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imzalanması imkanı da var.
Elektron sənəd dövriyyəsi təşkilat daxilində genişhəcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.
“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan “AzDoc” proqramı, işin səmərəliliyini 25 faiz artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75 faiz azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80 faiz azalır, vaxta qənaət edilir.
Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformasiya Nazirliyi arasında memorandumun elektron imzalanması “AzDoc” sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.
Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energetika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında “AzDoc” elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.