REGİONLAR
AzKİL ÇƏRÇİVƏSİNDƏ 54 LAYİHƏ İCRA OLUNMUŞDUR
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin Azərbaycan Kənd İnvestisiya Layihəsi (AzKİL) çərçivəsində 2007-ci ildə Düzən Şirvan bölgəsində sosialyönümlü 54 layihə həyata keçirilmişdir ki, onlardan bəzilərinin icrasına 2006-cı ildə başlanılmışdır.
İcrası başa çatmış layihələr sırasında tibb məntəqələrinin və məktəblərin təmiri, əlavə sinif otaqlarının tikintisi, elektrik enerjisi və içməli su təminatının yaxşılaşdırılması, drenaj xətlərin və suvarma sistemlərinin təmiri, kənd yollarının bərpası üstünlük təşkil edir.
AzKİL-in Düzən Şirvan Regional Əməliyyatlar ofisindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Yevlaxda 15, Ağdaşda 10, Göyçayda 6, Zərdabda 10, Ucarda 2, Kürdəmirdə 9, Hacıqabulda 2 belə layihənin icrası başa çatdırılmışdır. Hazırda həmin rayonlar üzrə ümumilikdə daha 22 layihənin icrası prosesi davam etdirilir.
Yüksək ehtiyac göstəricilərinə görə fərqlənən və əhalisinin sayı 1000 nəfərdən 10 min nəfərədək olan kəndlərdə həyata keçirilən bu sosial layihələr üçün ümumilikdə 2 milyon 335 min manat vəsait ayrılmışdır.
Azərbaycan Kənd İnvestisiya Layihəsi Azərbaycan hökuməti tərəfindən hazırlanmışdır və Dünya Bankı tərəfindən maliyyələşdirilir.