ELM VƏ TƏHSİL
AzTU-nun əməkdaşları TUSAŞ-ın istehsalat sahələrində təcrübə keçəcəklər
Bakı, 3 dekabr, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovun rəhbərlik etdiyi bir qrup əməkdaş Türkiyə Havaçılıq və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) dəvəti ilə Ankarada ezamiyyətdə olub. Səfər AzTU ilə TUSAŞ arasında əldə olunan ikitərəfli anlaşmaya əsasən reallaşıb. AzTU-nun nümayəndələri şirkətin əməkdaşları qarşısında elmi məruzələrlə çıxış ediblər.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti ilə TUSAŞ rəhbərliyi arasında keçirilən müzakirə zamanı bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı razılıq əldə olunub. Razılığa əsasən, AzTU əməkdaşlarının TUSAŞ-ın istehsalat sahələrində təcrübə keçmələri, magistr və doktorantların işə cəlb olunmaları, bir sıra istiqamətlərdə qısamüddətli elmi-texniki seminarların təşkil edilməsi qərara alınıb. Həmçinin birgə elmi-texniki ədəbiyyatların hazırlanması üçün də razılaşma əldə olunub.
Səfər çərçivəsində nümayəndə heyəti Ankarada yerləşən Qazi Universitetinin mühəndislik fakültəsi, universitetin laboratoriyaları ilə tanış olub. Qazi Universitetində keçirilən müzakirələr zamanı gələcəkdə beynəlxalq proqramlarda birgə iştirak etmək üçün razılaşma əldə olunub.