İDMAN
Azarkeşlər 2020-ci ilin Avropa çempionatının matçlarının biletləri üçün rekord sayda sifariş veriblər
Bakı, 14 fevral, AZƏRTAC
Azarkeşlər 2020-ci ilin futbol üzrə Avropa çempionatı matçlarının biletləri üçün rekord sayda (28,3 milyon) sifariş veriblər. Bu barədə məlumatı Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti yayıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, 2020-ci ilin Avropa çempionatının biletləri üçün sifarişlərin ümumi sayı 2016-cı ilin göstəricisini üstələyir. Sifarişlərin 64 faizi turniri qəbul edən ölkələrdən daxil olub. Sifarişlərin yarıdan çoxu qiyməti ən ucuz olan biletlər üçün verilib. İyulun 12-də Londonun “Uembli” stadionunda keçiriləcək final matçının biletlərinə 700 mindən çox sifariş daxil olub.
UEFA artıq bilet almış azarkeşlər üçün biletlərin rəsmi alınıb-satılması platformasının yaradıldığını da elan edib. Biletlərin təkrar alınıb-satılması sistemi 2020-ci il fevralın sonunda işə salınacaq.
Avropa çempionatı bu turnirin 60 illik yubileyi münasibətilə Avropanın 12 şəhərində - Bakı, Sankt-Peterburq, London, Münxen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərlərində keçiriləcək. Bakı qrup mərhələsinin üç matçına və dörddəbir final mərhələsinin matçlarından birinə ev sahibliyi edəcək. Turnir 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək.