SİYASƏT
AzərTAc və Sloveniyanın STA agentliyi informasiya mübadiləsini genişləndirəcək VİDEO
Lyublyana, 13 fevral, AZƏRTAC
AZƏRTAC ilə Sloveniyanın STA xəbər agentliyi arasında imzalanacaq əməkdaşlıq haqqında müqavilə informasiya mübadiləsinin daha da genişlənməsinə imkan yaradacaq.
Bu fikri STA agentliyinin direktoru Boyan Veselinoviç AZƏRTAC-ın Sloveniyaya ezam olunmuş əməkdaşları Aygün Həsənova və Anar Rzayevlə görüşündə söyləyib.
Boyan Veselinoviç STA-nın AZƏRTAC ilə əlaqələrin inkişafına önəm verdiyini deyib. O, AZƏRTAC-ın 95 illik yubileyinin qeyd ediləcəyi ərəfədə imzalanacaq sənədin gələcək əməkdaşlıq üçün yeni platforma olacağını bildirib. STA-nın direktoru AZƏRTAC-ın rəhbərliyinin iki agentlik arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə verdiyi önəmi yüksək qiymətləndirdiyini vurğulayıb.
Görüşdən sonra AZƏRTAC-ın əməkdaşları STA-nın fəaliyyəti ilə tanış olublar. Agentliyin baş redaktoru xanım Barbara Strukelj və xarici dillərdə informasiya departamentinin redaktoru xanım Sergeja Kotnik Zavri ilə görüşlərdə STA-nın gündəlik iş fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, 1991-ci ildə yaradılan və ölkədə yeganə milli xəbər agentliyi olan STA sloven və ingilis dillərində daxili, xarici siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, idman və digər mövzularda xəbərlər yayır.
Daha sonra STA-nın xarici dillərdə informasiya departamentində bu agentliyin əməkdaşları AZƏRTAC-ın fəaliyyəti haqqında məlumatlandırılıblar. Qeyd edilib ki, 21 ölkədə müxbir məntəqələri olan AZƏRTAC 7 dildə xəbərlər yayır. Eyni zamanda, agentlik respublikada 5 dildə videoxəbər hazırlayan yeganə informasiya mənbəyidir. 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyi də diqqətə çatdırılıb.