SİYASƏT


Azər Kərimli: Azərbaycan-İtaliya münasibətləri bundan sonra da inkişaf edəcək

Roma, 11 may, AZƏRTAC

İnanıram ki, Azərbaycan-İtaliya münasibətləri bundan sonra da inkişaf edəcək, artıq strateji münasibətlər müəyyən bir məqamda müttəfiqlik münasibətlərinə çevriləcək.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, deputat Azər Kərimli deyib.

“Bu il biz İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. İtaliyanın paytaxtı Roma şəhərində, İtaliya Parlamentində bununla bağlı tədbir keçirildi və tədbirdə italiyalı parlamentarilər iştirak etdilər. Bütün çıxışçılar Azərbaycan-İtaliya münasibətlərini çox yüksək qiymətləndirdilər. Təsadüfi deyil ki, bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümüdür. Parlamentdə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qeyd etmək istərdim ki, Azərbaycan-İtaliya münasibətlərinin qurulmasında, bu münasibətlərin təməlində Ulu Öndərin böyük rolu və iştirakı var. Onun İtaliyaya 1997-ci ildə hələ ilk səfəri vaxtı İtaliya hökuməti ilə bir çox sənədlər imzalanıb və həmin səfərdən sonra Azərbaycan-İtaliya münasibətləri daha da inkişaf etməyə başlayıb”, - deyə Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri qeyd edib.

“Bundan sonra bir çox dövlət səfərləri, xüsusilə qeyd etmək istərdim ki, 2018-ci ildə İtaliya Prezidentinin və Senatın sədrinin Azərbaycana səfəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya səfəri, son olaraq Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri və bu səfər çərçivəsində strateji əməkdaşlıq haqqında sazişin imzalanması artıq Azərbaycan-İtaliya münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə çatdırdı. İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, bu haqda dəfələrlə həm Parlament, həm də Senat tərəfindən bəyanatlar verilib. Qırx dörd günlük müharibə bitdikdən sonra Azərbaycana, Azərbaycanın işğaldan olunmuş ərazilərinə səfər edən ilk Avropa nümayəndə heyəti İtaliya Parlamentinin və Senatının birgə nümayəndə heyəti olub. Bu səfər vaxtı da İtaliya Parlamentinin və Senatın üzvləri işğaldan azad olunmuş ərazilərimizdə gördüklərini ürək ağrısı ilə danışdılar, qeyd etdilər və müsahibələr verdilər. Qırx dörd günlük müharibə dövründə də İtaliya Azərbaycanın yanında oldu, Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. İnanıram ki, Azərbaycan-İtaliya münasibətləri bundan sonra da inkişaf edəcək, artıq strateji münasibətlər müəyyən bir məqamda müttəfiqlik münasibətlərinə çevriləcək”, - deyə A.Kərimli vurğulayıb.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.