CƏMİYYƏT
Azərbaycan Ağsaqqallar Şurası turizmin inkişafına dair yeni layihə təqdim edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Sentyabrın 12-də Azərbaycan Ağsaqqallar Şurasının “Tarix, təbiət və mədəniyyət abidələrinin mühafizəsi turizmin inkişafına səbəb kimi: ağsaqqallar və gənclərin təqdimatında” adlı yeni illik layihəsinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Şərafət Şəfa bildirib ki, şura üzvləri müxtəlif layihələrə imza ataraq hər zaman ictimai-siyasi prosesdə fəal iştirak edirlər.
Bildirilib ki, layihə Azərbaycanın mədəni irsinin qorunması və təbliğinə yönəlib. Məqsəd turistlərin Azərbaycanın təbiətinə ekskursiyasını təşkil etməkdir. Layihənin icrasında ağsaqqallar, gənclər, turistlər və kənd sakinləri iştirak edəcəklər. Əsas məqsəd mərkəzdə və regionlarda tarixi mədəniyyət abidələrimizin qorunması, təbliği işlərinə dəstək verməklə yanaşı, bu bölgələrdə turizmin inkişafına nail olmaqdır. Layihə çərçivəsində dörd “dəyirmi masa” keçiriləcək.
Ağsaqqallar Şurasının sədr müavini Teymur Bünyadov tədbirdə çıxış edərək deyib ki, Azərbaycanın on min illiklərə söykənən tarixi var. Azərbaycanın elə nadir abidələri var ki, onlar əvəzsizdir və turistlərin bu yerlərə səfərinin təşkili vacibdir.
Vurğulanıb ki, Azərbaycanın milli-mədəni dəyərlərinin və mədəniyyət nümunələrinin təbliği və layihə çərçivəsində görüləcək işlər, təşkil olunacaq təlimlər kənd sakinləri, gənclər və yeniyetmələr arasında maarifçilik işinin təşkilinə, onların müəyyən biliklərə yiyələnməsinə kömək edəcək.