SİYASƏT


Azərbaycan Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrilib

Bakı, 26 noyabr, AZƏRTAC

Noyabrın 26-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə komitə sədri Əli Hüseynli Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın yüksək sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Avropa İttifaqı və quruma üzv ölkələrlə əlaqələrə xüsusi önəm verir.

Azərbaycanın Avropa hüquq sisteminin ayrılmaz bir hissəsinə çevrildiyini qeyd edən komitə sədri son illər ölkəmizin qazandığı nailiyyətlər barədə məlumat verib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Əli Hüseynli qeyd edib ki Azərbaycan torpaqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkünə çevrilib. Aparıcı beynəlxalq təşkilatlar Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul olunub. “Lakin təəssüflər olsun ki, bu sənədlər hələ də icra olunmur. Bu məsələyə Avropa İttifaqı və digər beynəlxalq qurumlar səssiz qalmamalıdır”,- deyə komitə sədri vurğulayıb.

Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden səfərinin məqsədlərindən danışaraq deyib: “Azərbaycana ilk səfərim olmasına baxmayaraq, ölkə ilə bağlı kifayət qədər məlumatlıyam. Regionun istər geosiyasi, istərsə də iqtisadi durumundan xəbərdaram. Bu səfər zamanı əsas məqsəd regiondakı vəziyyətlə bağlı daha dolğun məlumat əldə etməkdir”.

Söhbət zamanı terrorizmlə və onun maliyyələşdirilməsi ilə mübarizə məsələləri, ekstremizm, irqçilik, ksenofobiya ilə mübarizə məqsədilə mədəniyyətlərarası və dinlərarası dialoqun vacibliyi, terrorizmi yaradan səbəblərin aradan qaldırılmasının həlli yolları və s. kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.