İQTİSADİYYAT
Azərbaycan BP ilə “Cənub Qaz Dəhlizi” layihəsini müzakirə edib
Bakı, 1 fevral, AZƏRTAC
Azərbaycan BP şirkəti ilə “Cənub Qaz Dəhlizi” layihəsini müzakirə edib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müzakirələr energetika naziri Pərviz Şahbazovla BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz arasında keçirilən görüşdə aparılıb. Görüşdə BP şirkəti ilə əməkdaşlığın hazırkı vəziyyəti və “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər müzakirə edilib.
Bildirilib ki, Cənub Qaz Dəhlizinin BP-nin operatorluğu ilə həyata keçirilən hissələri – “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” layihələri tamamilə başa çatmaqdadır. Hər iki layihə, eləcə də Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsi üzrə işlərin gedişatı ilk qazın cari ilin ortalarına planlaşdırılan nəqlinə imkan yaradacaq.
Qəri Counz fevralın 15-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb.
Hazırlıq işləri barədə məlumat verən energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizinin reallaşdırılması prosesi artıq həlledici mərhələyə daxil olur. Layihənin qrafikə uyğun həyata keçirilməsində Məşvərət Şurasının iclaslarının mühüm rolu olub. Budəfəki toplantı da ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, növbəti hədəfləri birgə müəyyənləşdirmək baxımından əhəmiyyətli olacaq.
Görüşdə, həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə yeni hasilatın pay bölgüsü Sazişindən irəli gələn məsələlər, BP-nin iştirak etdiyi digər enerji layihələri, eləcə də, dünya enerji bazarındakı son vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.