İQTİSADİYYAT
Azərbaycan Böyük Britaniyada keçirilən ənənəvi Kembric konfransında təmsil olunur VİDEO
Kembric, 23 iyul (AZƏRTAC). Böyük Britaniyanın Kembric şəhərində ənənəvi Beynəlxalq Kembric konfransı öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin xəritəçəkmə qurumlarının rəhbərlərinin iştirak etdikləri bu mötəbər konfransda Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Builki konfrans “İnformasiyaya coğrafi səlahiyyətliliyin gətirilməsi” devizi altında keçirilir.
Konfransın açılış mərasimində Böyük Britaniyanın milli xəritəçəkmə təşkilatının baş direktoru Vanessa Lavrens çıxış edərək tədbir haqqında məlumat vermişdir. O, ənənəvi olaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs etmişdir.
“Xəritəçəkmə və kadastr məlumatlarının iqtisadiyyatı”, “Milli xəritəçəkmə və kadastr təşkilatlarının xüsusi tədbirlərdə rolu” , “Sənayenin inkişafı, bazar iqtisadiyyatı və imkanlar”, “Regional təşəbbüslərin inkişafı”, Beynəlxalq coğrafi standartların əhəmiyyəti” və digər bir çox mövzuların müzakirəsi konfransın gündəliyində duran başlıca məsələlərdəndir.
İyulun 24-də BMT-nin Qlobal Geoməkan İnformasiyasının İdarəolunması üzrə Ekspertlər Komitəsi ilə birgə təşkil olunacaq sessiyanın Nazirlər Seqmentində Qərib Məmmədovun müzakirə olunan məsələlər barədə təqdimatla çıxış edəcəyi gözlənilir.
Konfrans çərçivəsində, həmçinin BMT-nin aidiyyəti bölmələrinin rəhbərlərinin çıxışları və mövzular ətrafında müzakirələrin aparılması və bir sıra digər tədbirlərin, o cümlədən Qlobal Xəritəçəkmə üçün Beynəlxalq Rəhbər Komitənin 20-ci iclasının keçirilməsi planlaşdırılır.
Açılış mərasimindən sonra konfrans iştirakçıları ilə xatirə şəkilləri çəkdirilmişdir.
Konfrans iyulun 27-dək davam edəcəkdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
Kembric