ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universiteti birgə vebinar təşkil edib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Dillər Universiteti (ADU) və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə vebinar keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, vebinarda tədris məsələləri üzrə prorektor, professor Sevinc Zeynalova və Dokuz Eylül Universitetinin Xarici dillər departamentinin direktoru, professor Gülmira Kuruoglu giriş nitqi ilə çıxış edərək iki ölkənin universitet tələbələrini, eləcə də professor-müəllim heyətini salamlayaraq onlara uğurlar arzulayıblar.
Sevinc Zeynalova çıxışı zamanı gənclər arasında əməkdaşlığın gücləndirilməsi baxımından bu tədbirin təqdirəlayiq olduğunu qeyd edib. Eyni zamanda, həmmüəllifi olduğu “Welcome to Azerbaijan” kitabını vebinar iştirakçılarına təqdim edib.
Vebinarda Azərbaycan Dillər Universitetini 4 tələbə layiqincə təmsil edib.
Sonda ADU-nun nəzdində fəaliyyət göstərən Türkiyə Araşdırmalar Mərkəzinin müdiri Aynur Beşkonak və Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva Azərbaycanla Türkiyə arasında təhsil, mədəniyyət əməkdaşlığının inkişafından danışıb. Həmçinin Azərbaycan, ADU və Regionşünaslıq kafedrasının Türkiyə universitetlərində tədbirlərinə dair videoçarxlar nümayiş etdirilib.
Qeyd edək ki, Azərbaycan tərəfindən vebinarın koordinatorları Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri, dosent Könül Hacıyeva və Tələbə Elmi Cəmiyyətinin sədri Elşən Məcidov olub. Azərbaycan Dillər Universiteti və Dokuz Eylül Universitetinin tələbələrinin birgə iştirakı ilə keçirilən və müvəffəqiyyətlə sona çatan vebinar iki ölkənin gənclərinin sıx təmas qurmalarına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək.