ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində Çin Yeni ili qeyd olunub
Bakı, 23 yanvar, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda tələbələrin iştirakı ilə Çin Bahar bayramı münasibətilə “Çin Yeni ili ADU-da” adlı tədbir keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Çinin milli adət-ənənələrinin dünya irsinin əsas elementi kimi qorunduğunu diqqətə çatdırıb. O, ADU və Çin universitetləri arasında tələbə və müəllim mübadiləsinin genişləndirilməsindən və iki ölkə arasında həm siyasi, həm də iqtisadi əməkdaşlıq sahəsində seminarların, elmi tədqiqatların uğurla davam etdirilməsindən danışıb. R.Abbasov, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə distant Çin dili kursları üzrə dərslərə başlanılmasına toxunaraq, qonaqlara 2019-cu il ərzində Konfutsi İnstitutunun təhsil sahəsində fəaliyyətindən danışıb. O, Yeni ilin qarşılanması münasibətilə Azərbaycan Milli Xalça Muzeyində Çinin ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə keçirilən “Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərdə Konfutsi İnstitutu kollektivinin iştirak etdiyini qeyd edib.
Çinin ölkəmizdəki səfirliyinin hərbi attaşesi Çan Cunqo və ADU-nun tədris işləri üzrə prorektoru Sevinc Zeynalova Konfutsi İnstitutunun fəaliyyətini yüksək qiymətləndirib və Çin xalqını Yeni il münasibətilə təbrik ediblər.
Tədbir ADU və Konfutsi İnstitutu tələbələrinin rəngarəng çıxışları ilə davam edib. Proqramda ənənəvi və müasir Çin mahnı və rəqsləri, Çin döyüş sənəti, Pekin operası, Çin ənənəvi xalq oyunları və maraqlı müsabiqələr yer alıb.