ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Koreyada təhsil alacaqlar
Bakı, 5 avqust, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Koreya Respublikasının Vussonq Universitetinin SolBridge Beynəlxalq Biznes Məktəbi arasında tələbə mübadiləsi proqramı uğurla davam etdirilir.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, mübadilə proqramı çərçivəsində universitetin Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri 2016/2017-ci tədris ilinin payız semestrində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almaq hüququ qazanıblar. Koreya tərəfindən aparılan seçimlərdə uğur əldə etmiş tələbələr bir semestr müddətində müvafiq fənlər üzrə SolBridge Beynəlxalq Biznes Məktəbinin kreditlərini əldə edəcəklər.
Mübadilə proqramına qatılan tələbələrin Koreyada əldə etdikləri kreditlər UNEC tərəfindən tanınır. Mübadilə proqramı İqtisad Universitetinin tələbələrinin bir semestr müddətində SolBridge Beynəlxalq Biznes Məktəbində təhsil almasını nəzərdə tutur.
UNEC-in tələbələrinə Türkiyə, Almaniya, Fransa, Polşa, Litva və digər ölkələrin qabaqcıl universitetlərində bir və ya bir neçə semestr müddətində təhsil almaq imkanı təqdim edilir.