ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət Pedaqoji Universiteti daha bir xarici universitetlə əlaqələr qurur
Bakı, 19 fevral, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Şimali Kiprin Girne Amerika Universitetinin təsisçisi və qurucusu, rektoru, professor Serhat Akpınar və bu ali məktəbin prorektoru, professor Sualp Davutla görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə C.Cəfərov rəhbərlik etdiyi universitetin tarixi, müasir vəziyyəti, tədris prosesi, həyata keçirilən islahatlar, yeniliklər barədə məlumat verib. Rektor qeyd edib ki, ADPU beynəlxalq əlaqələrin genişləndirilməsinə və qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə böyük önəm verir. Universitet Avropanın, Türkiyənin, Şimali Kiprin və digər ölkələrin universitetləri ilə əlaqələrin qurulması üçün səmərəli əməli fəaliyyət göstərir. Ali təhsil ocağında TÜRKSOY kafedrası, türk araşdırmaları və Dədə Qorqud elmi-tədqiqat laboratoriyaları fəaliyyət göstərir.
Girne Amerika Universitetinin rektoru S.Akpınar təmsil etdiyi universitetin fakültələri, ixtisasları, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib.
Görüşdə ADPU ilə Girne Amerika Universiteti arasında müəllim-tələbə mübadiləsi, birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi, müştərək beynəlxalq elmi konfransların, simpozium, sərgi və seminarların keçirilməsi, eləcə də dil-ədəbiyyat sahəsində və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.