MƏDƏNİYYƏT
Azərbaycan Fotoqraflar Birliyinin üç illik fəaliyyəti müzakirə olunmuşdur
Bakı, 5 fevral (AZƏRTAC). Fevralın 5-də Beynəlxalq Xəbərlər Mətbuat Mərkəzində Azərbaycan Fotoqraflar Birliyinin (AFB) IV konfransı keçirilmişdir.
Əvvəlcə dünyasını dəyişmiş fotoqrafların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AFB-nin üzvü Rafiq Qəmbərov birliyin yaranması, fəaliyyəti və qazandığı uğurlardan danışmışdır. Konfransın üç ildən bir keçirildiyini qeyd edən R.Qəmbərov gündəlikdə duran məsələlər haqqında məlumat vermişdir.
AFB idarə heyətinin sədri Asiyat Fətullayeva birliyin üçillik fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış etmişdir. Məruzədə AFB-nin gördüyü işlərdən, o cümlədən keçirdiyi sərgilərdən, beynəlxalq tədbirlərdə iştirakından söhbət açılmışdır. Əldə olunan nailiyyətləri diqqətə çatdıran A.Fətullayeva bildirmişdir ki, AFB mənzil-qərargahı Parisdə yerləşən Beynəlxalq Foto Sənəti Federasiyasının üzvlüyünə qəbul edilmişdir.
Məruzə ətrafında müzakirələr aparılmış, suallar cavablandırılmışdır.
Konfransda təşkilati məsələlərə də baxılmışdır. Birliyin yeddi nəfərdən ibarət idarə heyəti müəyyənləşdirilmişdir. Mirnaib Həsənoğlu AFB idarə heyətinin sədri seçilmişdir.
Birliyini fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə AFB-nin məsləhət şurası yaradımışdır. Bu yaxınlarda yubileyləri qeyd edilmiş qocaman fotoqraflar Faiq Rəcəbli və Fərman Bağırovun ünvanına təbriklər səslənmişdir.
“Arqus” ənənəvi yaradıcılıq müsabiqəsinin qalibləri Həbib Muradov və Anna Süleymanovaya mükafatlar, fotoqrafiya sənətinin inkişafındakı müstəsna xidmətlərə görə qocaman fotoqraflar Rafiq Nağıyev və Yaşar Xəlilova fəxri fərman verilmişdir.
######