ELM VƏ TƏHSİL
Azərbaycan-Fransız Universitetinin tələbələri beynəlxalq şirkətin sertifikatları ilə təltif olunublar
Bakı, 30 iyun, AZƏRTAC
ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) 10 tələbəsi “THALES” şirkəti ilə birlikdə nəqliyyatda avtomatlaşdırma və kompüter texnologiyalarına həsr olunmuş tədris modulunu başa vuraraq sertifikatlarla təltif ediliblər.
UFAZ-dan AZƏRTAC-a bildirilib ki, ali təhsil ocağı 2018-ci ilin sentyabrında “THALES” şirkəti ilə birlikdə nəqliyyatda avtomatlaşdırma və kompüter texnologiyalarına həsr olunmuş tədris modulu hazırlayıb. Bu modulun hədəfi UFAZ-ın öz tədris proqramını genişləndirərək yeni və perspektivli ixtisasları əhatə etməsini təmin etmək, tələbələri praktik biliklərlə təmin etməklə iş dünyasının tələblərinə hazırlamaq olub. UFAZ-ın Kompüter elmləri proqramı üzrə təhsil alan 10 tələbəsi 2018-ci ilin payız semestrindən etibarən onlar üçün xüsusi yaradılmış yeni modulda iştirak etməyə başlayıb. Kurs boyunca tələbələrə şirkətin aerokosmik, kosmik, yerüstü nəqliyyat və müdafiə təhlükəsizliyi layihələrinin əsas istiqamətləri haqqında geniş məlumat verilib. Praktiki dərslərin üstünlük təşkil etdiyi modulun tərkib hissəsi olaraq tələbələr 2019-cu ilin aprel ayında Bakı Metropoliteninin yeni tikilmiş “Avtovağzal” stansiyasında ekskursiyada olub, qatarların hərəkətinin xüsusi proqram təminatı əsasında idarə olunması ilə yaxından tanış olublar.
Modulun sonunda tələbələr iki qrupa ayrılaraq öz layihələrini mütəxəssislərə təqdim ediblər. Layihəsini uğurla təqdim edən tələbələr seçmə fənn olaraq “THALES” kursunun tədrisi və tamamlanmasına dair xüsusi sertifikatlar əldə ediblər.
UFAZ ilə əməkdaşlıqdan məmnunluq duyduğunu bildirən “THALES” Azərbaycan şirkətinin texniki direktoru Mixail Malinovski bu layihənin hər iki tərəf üçün faydalı olduğunu vurğulayıb.
Qeyd edək ki, 56 ölkədə fəaliyyət göstərməsi və yüksək texnologiyası ilə “THALES” təhlükəsizlik və etibarlılıq sistemləri, nəqliyyatda müasir kompüter sistemləri üzrə qlobal liderdir. UFAZ ilə “THALES” arasında əməkdaşlıq 2018-ci ildə UFAZ, “THALES” və Bakı Metropoliteni arasında imzalanmış Memorandum ilə başlayıb.