SİYASƏT
Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında parlamentlərin böyük rolu var
Tbilisi, 16 iyun, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin inkişafında parlamentlərin də böyük rolu var. Deputatlarımızın beynəlxalq tədbirlərdə milli maraqlarımıza xidmət edən məsələlərdə eyni mövqedən çıxış etmələri, qarşılıqlı səfərlər xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Zviad Dziguri ilə görüşündə səslənib.
F.Muradov bildirib ki, Azərbaycan Gürcüstanla əlaqələrin bütün sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişafında maraqlıdır. Dövlət komitəsinin sədri bu cür səfərlərin, aparılan danışıqların dostluq və əməkdaşlığımızın daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Gürcüstanda yaşayan azərbaycanlılar bu dövlətin inkişafında, Avropaya inteqrasiyasında mühüm rol oynadıqlarını vurğulayan F.Muradov soydaşlarımızın qayğılarından da söz açıb, Gürcüstan dövlətinin və parlamentinin mövcud problemləri həll edəcəklərinə ümidvar olduğunu deyib.
Z.Dziguri isə öz növbəsində, parlamentlərarası əlaqələrin inkişafı üçün bir sıra mühüm addımların atıldığını bildirib, bunun üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyini vurğulayıb. O, Gürcüstanda tolerantlığın mövcud olduğunu, bütün dini icmaların qarşılıqlı hörmət şəraitində yaşadıqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan parlamentinin azərbaycanlı deputatları Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi