CƏMİYYƏT
Azərbaycan İƏT-in Sosial İnkişaf üzrə Konfransının 2-ci sessiyasında təmsil olunub

Bakı, 7 iyun, AZƏRTAC
Misirin paytaxtı Qahirədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) Üzv Dövlətlərin Sosial İnkişaf üzrə Konfransının 2-si sessiyası keçirilib. Tədbirdə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayevin başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.
AZƏRTAC İƏT-in Baş katibliyinə istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin himayəsi altında “Sosial ədalət və icma təhlükəsizliyi” mövzusunda keçirilən konfransın ikinci sessiyasına Misirin sosial həmrəylik naziri Nevin Əl-Kabbaj sədrlik edib.
Nazir Misirin Baş naziri Mustafa Madbulinin adından etdiyi çıxışında konfransın işində iştirak edən nümayəndə heyətlərini salamlayaraq qeyd edib ki, insanların rifahına arzu olunan təsirin əldə edilməsinə töhfə vermək üçün sosial ədalət sənədlərinin əhəmiyyəti böyükdür. Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin sosial inkişafı üzrə ikinci dəfə keçirilən konfrans bütün dünya ölkələrinə mənfi təsir edən iqtisadi, siyasi, sosial və mədəni şəraitdə daha aktualdır. Nazir bildirib ki, bu hallar arasında siyasi, iqtisadi və mədəni qeyri-sabitlik, COVID-19 pandemiyasının fəsadları var və onların aradan qaldırılması üçün İƏT-ə üzv olan bütün dövlətlər səylərini birləşdirməlidir. “Bu konfransdakı müzakirələr və qəbul olunacaq qərarlar sosial ədalətə nail olmaq və icma təhlükəsizliyini möhkəmləndirilmək baxımından daha əhəmiyyətlidir. Rifah, sosial müdafiə və inkişaf siyasətlərinin idarə olunması, İƏT-ə üzv dövlətlərin ən yaxşı təcrübələrini bölüşmək çox vacibdir”, -deyə misirli nazir vurğulayıb.
Sessiyada vurğulanıb ki, dünyada baş verən gərgin hadisələr islahatları, ölkələrin daxildən yenidən qurulmasını və onların xarici təsirlərdən qorunmasını, həmçinin resursların inkişafı və məhsuldarlığın artırılmasını daha vacib edən amildir. Məhz bu fəaliyyətlərin nəticəsində əhalinin sosial rifahını yüksəltmək mümkündür. İslam ölkələrinin ortaq tarixi sübut edir ki, yalnız həmrəylik yolu ilə böhranları aradan qaldırmaq olar.
Konfransda İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Taha, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Salim Əl-Malik, təşkilata üzv dövlətlərin nazirləri və sosial xidmət idarələrinin rəhbərləri, sosial siyasət üzrə ekspertlər iştirak ediblər.