ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutu tərəfindən “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb
Bakı, 27 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qəbələ rayonunun Nic qəsəbəsində fəaliyyət göstərən Alban-Udi xristian dini icması üçün ödənişsiz qaydada “Xristianlıq” tədris kursu fəaliyyətə başlayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan İlahiyyat İnstitutundan (Aİİ) məlumat verilib. Bildirilib ki, kurs Aİİ və Alban-Udi xristian dini icmasının birgə təşkilatçılığı ilə həyata keçirilir. Kursun əsas məqsədi ölkədə multikultural mədəniyyəti inkişaf etdirmək, həmçinin sözügedən icmanın din sahəsindəki kadr potensialını gücləndirmək və Qafqaz-alban xristian irsinin dərindən öyrənilməsini təmin etməkdir.
Payız və yaz semestrlərindən ibarət olan kursda Qədim Əhd, Yeni Əhd, Katexisiz, xristian liturgiyası və təcrübi teologiya, xristianlıq tarixi, Qafqaz Alban Kilsəsi, xristian əxlaqı, homiletika (dini xitabət), müqayisəli dinlər tarixi, multikulturalizm, Azərbaycanın müasir dövlətçilik tarixi, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, İngilis dilində işgüzar və akademik kommunikasiya, Alban (Kilsəsi) dili, Kilsə hüququ, Kilsə musiqisi və s. fənlər tədris edilir.
İnstitut Elmi Şurasının qərarına əsasən, sözügedən kurs çərçivəsində fənlərin tədrisi ali təhsil müəssisəsinin pedaqoji heyəti tərəfindən Nic qəsəbəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb.