ELM VƏ TƏHSİL


Azərbaycan İlahiyyat İnstitutunda şəhid ailələri ilə görüş təşkil olunub

Bakı, 14 yanvar, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar şəhidlərinin ailələri ilə görüş təşkil olunub.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri açan rektor Ceyhun Məmmədov ölkəmizdə tarixən mövcud olan milli-mənəvi mühitin qorunub saxlanılması, eyni zamanda, dini təhsil sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradıldığını qeyd edib. Bildirib ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyəsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

C.Məmmədov qeyd edib ki, 20 Yanvarı Ümumxalq Hüzn Günü kimi qeyd etməyimizə baxmayaraq, bu hadisə, eyni zamanda, xalqımızın tarixində qəhrəmanlıq salnaməsidir. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət soydaşlarımızı daha sıx birləşdirərək, millətimizin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mücadilə əzmini bütün dünyaya bəyan etdi.

Aİİ-nin rektoru şəhid ailələrinin və əlil düşmüş insanların daim Azərbaycan dövlətinin qayğısı və diqqəti ilə əhatə olunduqlarını, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəməyib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olanların ailələrinə və sağlamlığını itirmiş şəxslərə həmişə xüsusi diqqət yetirirlər.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı çıxışında 20 Yanvar hadisəsini xalqımızın müstəqilliyi uğrunda mücadilə əzminin bariz nümunəsi adlandırıb. O bildirib ki, həmin dövrdə ulu öndər Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılmasına baxmayaraq, Moskvadakı mətbuat konfransında haqq səsini dünyaya çatdırıb.

“20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidi olduğunu xatırladaraq, Vətən tarixinə qanlı qırğın kimi daxil olmuş 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecədə yüzlərlə insanın qətlə yetirildiyini, yaralandığını və itkin düşdüyünü bildirib. O, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza müavinətlərin verildiyini qeyd edib.

Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova bu qanlı olayın Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini, həmin gecədə şəhid olmuş Azərbaycan oğullarının Vətənin müstəqilliyinə yol açdıqlarını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.