ELM VƏ TƏHSİL
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi “Arabi21” saytına müsahibə verib
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun müəllimləri Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda davam edir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Qətərin “Arabi21” saytına müsahibə verib. Müsahibədə Azərbaycan Ordusunun sentyabrın 27-də əks-hücum əməliyyatlarına başlamasından etibarən Fransanın bəzi hökumət dairələrinin, yerli özünüidarəetmə qurumlarının Ermənistana siyasi və birbaşa dəstəyi haqqında danışılıb, Fransa-Ermənistan münasibətlərinin tarixi kökləri göstərilib. Qeyd olunub ki, hələ XX əsrin başlanğıcında Fransa Prezidenti Raymon Puankarenin Azərbaycan xalqının qəddar düşməni, Zəngəzur və Qarabağda dinc əhaliyə qarşı qətliamlar törətmiş Andranik Ozanyanı “Şərəf Legionu Ordeni” ilə təltif etməsi bir çox mətləbdən xəbər verir. Fransa hakim dairələrinin Ermənistanı dəstəkləyən bəyanatlar verməsi bu dövlətin Minsk qrupundakı həmsədr statusuna ziddir. Fransadakı erməni lobbisi ölkənin iqtisadi-siyasi həyatında ciddi təsirə malikdir və Makron siyasi praqmatizm naminə Ermənistanı dəstəkləyən bəyanatlar verir.
Müsahibədə Fransadan Ermənistana göndərilmiş “yardımlar” və Qarabağda hərbi əməliyyatlarda iştirak etməyə gəlmiş Fransa vətəndaşları, Fransa bələdiyyələrinin terrorizmi maliyyələşdirən erməni fondlarına maliyyə yardımları haqqında danışılıb.
Xatırladaq ki, Ermənistanın sentyabrın 27-dən Azərbaycana növbəti hərbi təcavüzü ilə bağlı İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin rektorlarına, eləcə də İslam dünyasında tanınmış ali təhsil müəssisələrinin və ali dini təhsil ocaqlarının rəhbərlərinə müraciət ünvanlayıb, institutun müəllimləri isə ərəb mətbuatında məqalələrlə çıxış ediblər.