CƏMİYYƏT
Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri ilə görüş keçirilib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Kənd Qadınları Assosiasiyasının üzvləri ilə videoformatda görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan komitə sədri Bahar Muradova Azərbaycan əhalisinin əsas hissəsini kəndlərdə yaşayan vətəndaşların təşkil etdiyini və onların arasında qadınların özünəməxsus yerinin olduğunu nəzərə alaraq, bu sahəyə xüsusi diqqətlə yanaşılmasının vacibliyini diqqətə çatdırıb. İlk dəfə olaraq 2020-ci il dekabrında Dövlət Komitəsinin gender bərabərliyinin təmin edilməsinə dair həm Azərbaycanın daxilində, həm də beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində fəaliyyəti haqqında Milli Məclis qarşısında təqdim etdiyi hesabata diqqət çəkən B.Muradova bununla mühüm bir mərhələyə yekun vurularaq komitənin fəaliyyətində yeni dövrün başlanğıcının qoyulduğunu bildirib. Bu yaxınlarda komitənin 15 illik yubileyinin qeyd olunduğunu xatırladan B.Muradova bu illər ərzində qadınların, xüsusilə də kənd qadınlarının məşğulluğunun təmini istiqamətində böyük işlər görüldüyünü, onlara dəstək göstərildiyini qeyd edib. Komitə sədri müharibədən sonrakı quruculuq dövründə də qurumun bu prosesi davam etdirəcəyini deyib, bu işə öz töhfəsini verməsi üçün birgə əməkdaşlıq çərçivəsində görülə biləcək işlərin vacibliyindən bəhs edib.
Görüşdə qadınların, xüsusilə aqrobiznes təmsilçiləri olan qadınların məşğulluğunun təmin edilməsi, dəstəklənməsi, əmək bazarında gender fərqinin aradan qaldırılması Prezident İlham Əliyevin ciddi nəzarətində olduğu vurğulanıb, dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, əldə edilən nailiyyətlərdən danışılıb. Bu işlərin davamı olaraq Dövlət Komitəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə qadınların məşğulluğu üzrə Milli Fəaliyyət Planı layihəsi üzərində işlədiyi barədə məlumat verilib.
Assosiasiyanın qısa müddətdə gördüyü işlərdən, layihələdən bəhs edən komitə sədri eyni sahədə fəaliyyət göstərən Qadın Resurs mərkəzlərinin (QRM) gələcəkdə Assosiasiya, o cümlədən Qadın İnkişaf və Müəssisə qrupları (QİMQ) ilə birlikdə layihələrə cəlb olunması, bu sahədə yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təcrübə mübadiləsinin aparılması üçün tövsiyələrini verib, həmçinin bu layihələrdə qazanılan uğurların digər qadınlar üçün də nümunə olduğunu və onlara stimul verəcəyini qeyd edib.
Assosiasiyanın sədri Gülbəniz Qənbərova çıxış edərək ucqar kənd və qəsəbələrdə yaşayan qadınların fəaliyyət imkanlarının az olduğunu diqqətə çatdırıb. Buna baxmayaraq, Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə reallaşdırılan QİMQ layihəsinin yardımı ilə qadınların nəinki öz bizneslərinin, eləcə də öz icmalarının, regionlarının inkişafına töhfə verdiklərini bildirib. O, həmçinin hazırda 15 rayonda fəaliyyət göstərən və 490 kənd qadınını birləşdirən 39 Qadın İnkişaf və Müəssisə qrupunun (QİMQ) yaradılmasının qadınların kollektivlərdə birləşərək öz vəsaitləri hesabına bizneslərini qurmalarına gətirib çıxardığını vurğulayıb.
Dünya Bankının mütəxəssisi Tara Şarafuddin QİMQ layihəsi haqqında təqdimatla çıxış edərək layihənin dünyanın 25 ölkəsində reallaşdırıldığını, 55 milyon qadının bu modelə cəlb olunduğunu qeyd edib. Otuz ildir fəaliyyət göstərən modelin Azərbaycan qadınlarının fəallıqları, yeniliyə açıqlıqları, çalışqanlıqları sayəsində Azərbaycanda da uğurla tətbiq edildiyi vurğulanıb, bu modelin Qarabağda həyata keçiriləcək quruculuq işlərində də faydalı olacağı bildirib.
Sonra çıxış edən Balakən QİMQ-in sədri Meysarat Qaysayeva, İsmayıllı QİMQ-in sədri Arzu Mirzəyeva, Sabirabad QİMQ-in sədri Alma Cəfərova, Ağdam QİMQ-in sədri Vüsalə Cavadova kənd qadınlarının əldə etdikləri uğurlardan danışıb, qarşılaşdıqları problem və çətinliklərini qeyd ediblər, belə layihələrin regionlarda əlçatanlılığının təmin edilməsi, kreditlərin, eləcə də torpaq sahələrinin icarəyə verilməsi üçün bir sıra təkliflər səsləndiriblər.
Sonda AKQA üzvlərinin təklifləri dinlənilib, onların üzləşdikləri problemlərin dövlət orqanları ilə birlikdə həll edilməsinə dair fikir mübadiləsi aparılıb.