ELM VƏ TƏHSİL
Azərbaycan Kooperasiya Universitetində keçirilən qəbul imtahanında iştirak edən abituriyentlərin nəzərinə!
Bakı, 25 iyul, AZƏRTAC
Bu il iyulun 22-də Azərbaycan Kooperasiya Universitetində keçirilən imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər iyulun 27-də keçiriləcək yeni imtahan üçün “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “İmtahana buraxılış vərəqəsi”ndə yeni imtahanın keçiriləcəyi yer, bina, vaxt və digər məlumatlarla tanış olmaq mümkündür.
Buraxılış vərəqəsi ilə yanaşı, abituriyentlərə “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda abituriyent imtahana buraxılmayacaq.