ELM VƏ TƏHSİL
Azərbaycan Milli Elmlər Akademiyasında “Magistr-2017” müsabiqəsi keçiriləcək
Bakı, 25 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən cari ilin may-iyun aylarında AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqənin təşkilinin əsas məqsədi akademiyada magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.
Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan birinci və ikinci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərən üç magistrant mükafatlandırılacaq. Qaliblərə diplom və pul mükafatı veriləcək.
Sənəd qəbulu müsabiqənin başlanması və şərtləri haqqında elan dərc edildikdən sonra aparılacaq.