ELM VƏ TƏHSİL
“Azərbaycan Milli Elmlər Akademiyasının xəbərləri” jurnalının birinci nömrəsi çapdan çıxıb
Bakı, 25 iyul, AZƏRTAC
“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) xəbərləri (biologiya və tibb elmləri)” jurnalının 2016-cı il üçün 71-ci cildinin birinci nömrəsi işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəfis şəkildə çapdan çıxan jurnalın bu nömrəsi görkəmli alim və ictimai-siyasi xadim, akademik Cəlal Əliyevə həsr olunub.
Nəşr uzun illər jurnalın baş redaktoru olmuş akademik Cəlal Əliyevin əziz xatirəsinə ithaf olunan məqalə ilə başlanır. Akademik İradə Hüseynovanın müəllifi olduğu məqalədə görkəmli alimin keçdiyi çətin və şərəfli ömür yoluna nəzər salınır, onun Azərbaycan elminə verdiyi töhfələr, rəhbərliyi altında görülən işlər, əldə olunan nailiyyətlər qısa şəkildə işıqlandırılır. Bu nömrədə görkəmli alimin yaratdığı məktəbdən də söz açılır, məktəbin dünyanın müxtəlif nüfuzlu elm mərkəzlərində çalısan yetirmələrinin akademik C.Əliyev barədə fikir və xatirələri yer alır.
Jurnalın bu nömrəsində, eyni zamanda AMEA-nın institutlarında və respublikanın müxtəlif ali təhsil, elmi-tədqiqat müəssisələrində biologiya və tibb elmləri sahəsində aparılan tədqiqatların nəticələrini özündə cəmləşdirən iyirmidən artıq məqalə çap olunub. Həmçinin Azərbaycan elminin inkişafında müstəsna xidmətləri olan akademiklər Vəli Axundov, Cəmil Əliyev və AMEA-nın müxbir üzvü Validə Əlizadənin yubileyləri, 2015-ci ildə AMEA-nın adlı mükafatlarına layiq görülən alimlərimiz barədə məqalələr də öz əksini tapıb.