İDMAN
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti gənc parataekvondoçular ilə görüşüb
Bakı, 16 may, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) prezidenti İlqar Rəhimov parataekvondo idman növü üzrə milli komandanın və uşaq paralimpiya hərəkatının gənc parataekvondoçuları ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildiriblər ki, İ.Rəhimov görüş zamanı Azərbaycan Taekvondo Federasiyası ilə əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. O bildirib ki, federasiya ilə əməkdaşlıq parataekvondoçularımızın hazırlıqlarının artırılmasında böyük rol oynayır.
AMPK rəsmisi komanda üçün yaradılan şərait, məşqlərin gedişatı ilə maraqlanıb, ötən illər ərzində əldə olunan nəticələri qeyd edərək qarşıdan gələn Avropa çempionatında komandaya uğurlar arzulayıb.
Görüş zamanı İ.Rəhimov ölkəmizdə uşaq Paralimpiya hərəkatından da söz açıb. O, mayın 15-də baş tutmuş Uşaq Paralimpiya kuboku yarışında uğurla iştirak etmiş idmançıları təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Milli komandanın baş məşqçisi Fərid Tağızadə idmançıların hazırkı fiziki və psixoloji hazırlığı, eyni zamanda, Özbəkistanın Daşkənd şəhərində milli komanda üzvləri üçün keçirilən təlim-məşq toplanışı barədə AMPK rəhbərliyinə məlumat verərək bildirib ki, komandamız qarşıdan gələn yarışa tam hazırdır. O, eyni zamanda, uşaq paralimpiyaçıların hazırlıq prosesi barədə də İ.Rəhimovu məlumatlandırıb.
AMPK-nın parataekvondo idman növü üzrə milli komandasının üzvləri mayın 17-23-də İngiltərənin Mançester şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər.