REGİONLAR
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 8-ci regional konfransı keçirilir
Gəncə, 13 may, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə “Respublikanın regionlarında oftalmologiyanın müasir nailiyyətləri” mövzusunda 8-ci regional konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov açaraq konfransın məqsədinin oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olduğunu deyib.
Konfransda “Gəncə-Qazax iqtisadi rayonunda oftalmoloji yardımın optimallaşdırılması”, “Uşaqlarda refraksiya patologiyaları və çəpgözlük zamanı aparılan pleoptik, ortoptik və cərrahi müalicə metodlarının effektivliyi”, “Vitreoretinal patologiyanın müasir müalicəsinə dair”, “Astiqmatizm və yüksək dərəcəli miopiyalı xəstələrdə FEMTO-LASIK korreksiyası. Nəticələr”, “Travmatik katarakta zamanı optimal taktika seçimi”, “Allergik konyunktivitlər”, “Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialındaki fəaliyyətləri” kimi məsələlər müzakirə ediləcək.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, Azərbaycan Oftalmologiyasının inkişafı üçün icra olunan layihələrdən biri də regional konfransların keçirilməsidir. Bu konfrans elmi yeniliklərin region həkimlərinə çatdırılmasına və fikir mübadiləsində xüsusi əhəmiyyət kəsb edir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublika üzrə oftalmoloji həyatın optimallaşdırılması üçün böyük layihələr həyata keçirir. Həmçinin Mərkəzin “Səyyar klinikası” vasitəsi ilə həkimləri hər ay ölkənin müxtəlif regionlarında müayinələr və cərrahiyyə əməliyyatları aparırlar.