SİYASƏT


Azərbaycan Ordusunun döyüş taktikası Yaponiya mediasının diqqətindədir

Tokio, 8 dekabr, AZƏRTAC

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində tətbiq etdiyi uğurlu döyüş taktikası və müasir silahlardan istifadə bacarığı bütün dünya ilə yanaşı, Yaponiya mediasının da diqqətindədir.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq, döyüş taktikası, düşmən hədəflərinin yüksək dəqiqliklə məhv edilməsi bu gün də Yaponiyanın tanınmış hərbçiləri və kütləvi-informasiya vasitələri tərəfindən böyük diqqətlə öyrənilir və təhlil edilir. Hazırda Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar bu mövzunun təkrar gündəmə gəlməsinə böyük təkan verib. Xüsusən hərbçilərimizin pilotsuz uçuş aparatlardan bacarıqla istifadə etməsi, düşmənin döyüş hədəflərinə yüksək dəqiqliklə endirdiyi zərbələr xüsusən hərbi mütəxəssislər tərəfindən təhlil edilir və diqqətlə öyrənilir. Məhz Azərbaycan Ordusunun həmin dronlardan yüksək ustalıqla istifadə etməsi bu PUA-lara olan marağı həddindən çox artırıb. Xüsusən mülki əhaliyə ziyan vurmadan düşmənin hərbi texnikasını və döyüş qüvvələrini məhv edən “Bayraktar-TB2”, “Harop” kimi PUA-larla endirilən dəqiq zərbələrin videogörüntüləri Azərbaycan Müdafiə Nazirliyinə istinadla yapon izləyicilərə təqdim edilir. Bakıda keçirilən Qələbə paradında və Hərbi Qənimətlər Parkında nümayiş etdirilən Ermənistan hərbi texnikasının qalıqlarının məhz bu silahlar vasitəsilə məhv edildiyi qeyd olunur. Vurğulanır ki, həmin silahlar yalnız müasir dövrümüzün deyil, həm də gələcək müharibələrin əsas hərbi sursatı kimi xüsusi diqqətdə saxlanılmalıdır.

Yaponiyanın çoxtirajlı “Asahi shimbun”, “Mainichi shimbun”, “Nikkei” və “Sankei” kimi qəzetlərində, Kyodo news və JIJI PRESS kimi agentliklərin, jp.globalvoicees.org və nippon.com kimi saytlarının yaydığı məlumatlarda, NHK, TBC, Fuji TV kimi telekanallarda təqdim edilən video materiallarda Azərbaycan Ordusunun döyüş təcrübəsinin öyrənilməsinə böyük diqqət yetirilməsinin zəruriliyi də vurğulanır. Hərbi ekspertlərin apardığı təhlillərdə bu təcrübənin öyrənilməsinin əhəmiyyəti xüsusi qeyd edilir.

Məhz bu təhlillərin və çağırışların nəticəsidir ki, Yaponiya hökuməti qarşıdakı beş il üçün nəzərdə tutulan təhlükəsizlik strategiyasında “Bayraktar-TB2” və “Harop” kimi pilotsuz uçuş aparatlarının əldə edilməsini xüsusi vəzifə kimi qarşıya qoyub. Digər yüksək dəqiqlikli silahlarla yanaşı, dronların alınmasına böyük məbləğdə vəsaitin ayrılması planlaşdırılıb.

Göründüyü kimi, qalib Azərbaycan Ordusunun haqq döyüşlərində nümayiş etdirdiyi qəhrəmanlıq və döyüş təcrübəsi, müasir silahlardan bacarıqla istifadə etməsi həm bizim gələcək nəsillər, həm də dünyanın ən qabaqcıl dövlətləri üçün mühüm mənbəyə çevrilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.