SİYASƏT


Azərbaycan Prezidenti: 44 günlük hərbi əməliyyatlardan sonra imzalanan sənəd çoxillik qarşıdurmaya nöqtə qoyur

Bakı, 21 noyabr, AZƏRTAC 

Qırx dörd günlük silahlı mübarizədən, silahlı əməliyyatlardan sonra sənəd imzalandı. Mən həmin sənədi çox mühüm siyasi sənəd hesab edirəm, o, mahiyyət etibarilə çoxillik qarşıdurmaya nöqtə qoyur. Sizə, həmçinin Rusiyanın rəhbərliyinə, Prezident Vladimir Vladimiroviç Putinə bu mühüm siyasi sənədin hazırlanmasında və qəbul edilməsində şəxsən fəal iştirak etdiyinə görə təşəkkürümü bildirmək istərdim.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Hərbi əməliyyatlar dövründə Ermənistan tərəfinin müharibə aparılmasının bütün normalarını, habelə humanitar normaları kobud şəkildə pozduğunu diqqətə çatdıran Prezident deyib: “Bizim şəhərlərimiz və kəndlərimiz hər gün bombardmana məruz qalırdı. Nəticədə aralarında uşaqların və qadınların da olduğu 94 dinc Azərbaycan sakini həlak olub, 400-dən çox adam yaralanıb, 3 mindən çox ev yararsız vəziyyətə düşüb, yaxud tamamilə məhv edilib. Hərbi əməliyyatlar zonasının yaxınlığında yerləşən şəhərlər praktiki olaraq hər gün atəşlərə, minaatan və artilleriya atəşlərinə məruz qalırdı, dinc əhalinin məhv edilməsi üçün Gəncə, Mingəçevir, Bərdə və digər şəhərlərə ballistik raketlərlə məqsədyönlü şəkildə hücum edilirdi”.

Dövlətimizin başçısı qeyd edib ki, bütün bu hərbi cinayətlər – ballistik raketlərdən, kasetli və fosforlu döyüş sursatlarından istifadə edilməsi sənədləşdirilib və Azərbaycan tərəfinin görəcəyi sonrakı hüquqi tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.