Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir

Bakı, 10 oktyabr (AZƏRTAC). Oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş nitqi

- Ölkə iqtisadiyyatı uğurla inkişaf edir və doqquz ayın yekunları bunu bir daha əyani şəkildə göstərir. Bütün makroiqtisadi göstəricilərimiz yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 1,1 faiz artmışdır. Ancaq qeyri-neft iqtisadiyyatımız 10,3 faiz artmışdır. Son aylar və illər ərzində bu, ən vacib göstəricidir. Çünki məqsədimiz məhz ondan ibarətdir ki, ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf etsin. Əlbəttə, qeyri-neft iqtisadiyyatının inkişafı imkan verəcəkdir ki, gələcəkdə Azərbaycan neft-qaz amilindən asılılığını böyük dərəcədə aşağı endirə bilsin.

Bütün bölgələrdə quruculuq-abadlıq işləri aparılır. Yeni sənaye müəssisələri yaradılır. Əminəm ki, qeyri-neft iqtisadiyyatımız ilin sonuna qədər yüksək səviyyədə qalacaq, eyni zamanda, bu, bizə imkan verəcəkdir ki, gələn il də iqtisadi sahədə şaxələndirmə siyasətimiz uğurla davam etdirilsin.

Doqquz ay ərzində ölkə iqtisadiyyatına 16 milyard dollar sərmayə qoyulmuşdur. Bu, çox böyük rəqəmdir. Keçən ilə nisbətən daha da böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il təxminən bu səviyyədə investisiya qoyulur, görə bilərik ki, Azərbaycan iqtisadiyyatına nə qədər böyük sərmayə qoyulur. Sərmayələrin əsas hissəsi daxili investisiyalardır, təqribən 70 faizə yaxın. Qalan hissə isə xarici investorların vəsaitidir. Hesab edirəm ki, bu balans da ən optimaldır. Həm xarici investorlar üçün iqtisadiyyatımız cəlbedici iqtisadiyyatdır, eyni zamanda, daxili investisiyalar, ilk növbədə, onu göstərir ki, dövlətin investisiya siyasəti çox uğurludur. Çünki daxili investisiyaların böyük əksəriyyəti dövlət xətti ilə qoyulan vəsaitdir. Eyni zamanda, özəl sektor da bu investisiya layihələrində uğurla iştirak edir. Özəl sektorun - həm yerli, həm xarici biznes cəmiyyətinin Azərbaycan iqtisadiyyatına böyük inamı vardır. Əgər bu inam olmasaydı, əlbəttə, bu qədər investisiya qoyulmazdı.

Deyə bilərəm ki, bütövlükdə özəl sektor ümumi daxili məhsulda öz yüksək çəkisini saxlamaqdadır. Son məlumata görə ölkə iqtisadiyyatının 83 faizi özəl sektorda formalaşıb. Bu da öz növbəsində göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə bərqərar olunubdur.

Kənd təsərrüfatı 6,3 faiz artmışdır. Bu da çox gözəl göstəricidir. Bu barədə mən hələ fikirlərimi bildirəcəyəm. Ancaq bəri başdan demək istəyirəm ki, bu sahə həmişəki kimi, prioritet sahə olaraq qalır və gələcəkdə bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Mən çox şadam ki, bir müddət əvvəl verdiyim tapşırıqlar yerinə yetirilir. Kənd təsərrüfatının inkişafı bizə imkan verəcəkdir ki, idxaldan daha da az asılı vəziyyətdə olaq. Eyni zamanda, iş yerlərinin açılması, bölgələrdə sənaye müəssisələrinin fəaliyyətə başlaması birbaşa kənd təsərrüfatının inkişafı ilə bağlıdır. Ona görə, hesab edirəm ki, 6,3 faiz artım çox yaxşıdır. Çalışmalıyıq ki, gələcəkdə bu yüksək templəri saxlayaq.

Ölkəmizin strateji valyuta ehtiyatları ilin əvvəlindən təxminən 5 milyard dollar artmışdır, hazırda 45 milyard dollar səviyyəsindədir. Deyə bilərəm ki, bu, dünya miqyasında çox böyük rəqəmdir və Azərbaycan o ölkələrdəndir ki, böyük valyuta ehtiyatlarına malikdir. Ölkənin ərazi ölçülərinə və əhalinin sayına görə, hesab edirəm ki, əgər valyuta ehtiyatlarımızı adambaşına hesablasaq biz dünya miqyasında ən qabaqcıl yerlərdən birindəyik. Çox sevindirici hal ondan ibarətdir ki, böyük investisiya layihələrinin dövlət xətti ilə həyata keçirilməsinə baxmayaraq, strateji valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Biz çalışmalıyıq ki, gələcək illərdə müəyyən səviyyədən aşağı düşməyək. Çünki bu, bizim ehtiyat mənbəyimizdir, eyni zamanda, baxmayaraq ki, indi dünyada hökm sürən maliyyə böhranı faiz dərəcələrini aşağı salmışdır və bu vəsaitin idarə edilməsi nəticəsində biz hələ ki, o qədər də böyük mənfəət əldə edə bilmirik, ancaq valyuta ehtiyatlarının idarə edilməsi istiqamətində yeni istiqamətlər artıq araşdırılır. Beləliklə, vəsaitimizin daha da səmərəli şəkildə mənfəət gətirmə əmsalı əminəm ki, daha da yüksək səviyyədə olacaqdır.

Bütün bu göstəricilər təsdiq edir ki, iqtisadi sahədə inkişaf çox sürətlidir. Təbii ki, bu inkişaf insanların yaşayış səviyyəsinə də təsirini göstərir. Doqquz ayda əhalinin pul gəlirləri 12 faiz, inflyasiya isə cəmi 1,5 faiz artmışdır. Gördüyünüz kimi, inflyasiya ilə əhalinin pul gəlirləri arasında 10 faiz fərq vardır və hesab edirəm ki, Azərbaycan bu göstəricilərə görə dünya miqyasında ən qabaqcıl yerlərdədir. Bizim bütün iqtisadi təşəbbüslərimiz və ümumiyyətlə, iqtisadi strategiyamız Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına yönəldilmişdir. Biz bu istiqamətdə böyük nailiyyətlərə çatmışıq və bu göstəricilər görülən işlərin məntiqi nəticəsidir.

Sənaye istehsalında vəziyyət o qədər də ürəkaçan deyildir. Mən istəyirəm bu barədə fikirlərimi bir qədər ətraflı bildirim və yaranmış vəziyyətlə bağlı Azərbaycan ictimaiyyəti də məlumatlı olsun. Artıq birinci dəfə deyildir ki, biz Nazirlər Kabinetinin toplantılarında sənaye istehsalı ilə bağlı o qədər də xoşa gəlməyən rəqəmlər səsləndiririk. Hər rübdən-rübə, ildən-ilə, xüsusilə son bir neçə il ərzində Azərbaycanda ümumi sənaye istehsalı azalır. Bu vaxta qədər biz bunu, sadəcə olaraq, statistik göstərici kimi ifadə edirdik. Daha bunun izahatı ilə biz demək olar ki, məşğul olmurduq. Hesab edirdik ki, bu, müvəqqəti bir prosesdir, müvəqqəti məsələdir və bu məsələ öz həllini tapacaqdır, sənaye istehsalı nəinki azalacaq, artacaqdır. Doqquz ayın göstəriciləri də onu göstərir ki, Azərbaycanda ümumi sənaye istehsalı 3,5 faiz azalmışdır. Ancaq qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bir tərəfdən bu, yenə də bizim iqtisadi və sənaye sahələrində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki ölkəmizdə geniş sənayeləşmə prosesi gedir. Bir neçə il bundan əvvəl mənim tərəfimdən bu məsələ ilə bağlı konkret tapşırıqlar verilmişdir və biz bu tapşırıqların gözəl nəticələrini görürük. 7,7 faiz artan qeyri-neft sənayemiz böyük nailiyyətdir. Ancaq neft sənayesinin böyük dərəcədə aşağı düşməsi bizi, əlbəttə ki, narahat edir. Bu proses - yəni azalma, bu sahədə yaşanan tənəzzül bilavasitə neftin hasilatı ilə bağlıdır. Burada da biz məsələni iki yerə bölməliyik. Çünki Azərbaycanda neftin hasilatı ilə Azərbaycan Dövlət Neft Şirkəti məşğuldur və 1994-cü ildə “Azəri”, “Çıraq” yataqları üzrə bağlanmış kontrakt əsasında beynəlxalq konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradılmışdır, operator məhz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti idi. Ondan sonrakı mərhələlərdə o konsorsiuma daxil olan şirkətlər arasında birləşmə prosesi getdiyi üçün operator funksiyaları bp şirkətinə həvalə edilmişdir.

O vaxtdan bu günə qədər neft strategiyamızın icrası sahəsində çox böyük uğurlar əldə edilmişdir.

Biz haqlı olaraq neft strategiyamızla fəxr edirik. Çünki Azərbaycanın uğurlu iqtisadi inkişafı, siyasi çəkisinin artması və dünya proseslərində fəal iştirakı ölkəmizin iqtisadi imkanları ilə bilavasitə bağlı məsələdir. İqtisadi imkanları bizə məhz neft strategiyamız yaratmışdır. O da həqiqətdir ki, biz bu imkanlardan bəzi başqa ölkələrdən fərqli olaraq səmərəli şəkildə istifadə etdik - neft kapitalını qeyri-neft sektorunun inkişafına yönəltdik. Beləliklə, infrastruktur layihələrinin icrası və digər iqtisadi islahatlar əslində imkan verdi ki, biz bugünkü reallıqlar haqqında xalqa qürur hissi ilə danışa bilək. Ancaq konsorsium tərəfindən buraxılan kobud səhvlər ucbatından son illər ərzində “Azəri”, “Çıraq” yataqlarında neft hasilatı kəskin şəkildə aşağı düşməyə başlamışdır. Bu, birinci il deyildir ki, neft hasilatı aşağı düşür. Əlbəttə, neft sənayesində çalışanlar, neft mütəxəssisləri bilirlər ki, hər bir neft yatağının bir ömrü vardır. Hasilat artır, pik zirvəsinə çatır, sonra müəyyən illər ərzində sabit qalır, ondan sonra tənəzzül başlayır. Yəni, bu proses hər bir neft mütəxəssisi üçün çox tanış olan məsələdir. Ancaq söhbət ondan getmir ki, biz pik səviyyəsinə çatdıq və ondan sonra təbii, necə deyərlər, tənəzzül prosesləri yaşanır. Söhbət ondan gedir ki, verilən proqnozlar yerinə yetirilmir. Onu da deyə bilərəm ki, “Azəri”, “Çıraq” neft yataqları üzrə kontrakt pay bölgüsü əsasında imzalanmışdır. İlkin mərhələlərdə payların bölgüsü bir qədər fərqli idi. İlkin mərhələlərdə ki, böyük investisiyalar qoyulurdu, xarici investorların payı daha da böyük idi - təxminən 75-25 faiz xaricilərin xeyrinə, əgər belə demək mümkünsə. Onlar öz investisiyalarını qaytardıqdan sonra pay bölgüsü dəyişməyə başlamışdır – əllinin-əlliyə səviyyəsində bölünürdü. 2008-ci ilin ortalarında artıq “Azəri”, “Çıraq” neft yataqlarının səmərəliliyini və kontrakt şərtlərini nəzərə alaraq bu pay bölgüsü Azərbaycanın xeyrinə dəyişmiş və hazırda - 2008-ci ilin ortalarından bu günə qədər 75-25 faiz təşkil edir. Yəni, hasil edilən mənfəət neftinin 75 faizi Azərbaycanın payına düşür. Bir daha demək istəyirəm ki, kontrakt şərtləri əsasında bu pay bölgüsündə dəyişiklik baş verdikdən sonra “Azəri”, “Çıraq” neft yataqlarında neftin hasilatı nədənsə azalmağa başlamışdır.

Sözlərimə konkret rəqəmlər əlavə etmək istəyirəm. Belə ki, 2009-cu ildə “Azəri”, “Çıraq” yataqlarında bizə verilən hasilat proqnozu 46,8 milyon ton idi. Faktiki isə 40,3 milyon ton səviyyəsində neft hasil edilmişdir. 2010-cu ildə proqnoz 42,1 milyon ton idi, fakt 40,6 milyon ton olmuşdur. 2011-ci ildə proqnoz 40,2 milyon idi, real hasilat isə 36 milyon. 2012-ci ildə verilmiş proqnoz 35,6 milyon tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər bp “Azəri”, “Çıraq” yataqlarından 33 milyon tondan artıq neft hasil edə bilməyəcəkdir.

Bütün bu rəqəmləri toplayaraq və neftin qiymətini 100 dollar səviyyəsində götürərək, - halbuki bu illər ərzində daha da yüksək idi, - hesablasaq görərik ki, Azərbaycanın bilavasitə əldə edilməmiş gəliri 8,1 milyard dollardır. Bu, reallıqdır. Kiçik bir statistik rəqəmin arxasında bu reallıq dayanır. Ona görə ildən-ilə, aydan-aya, rübdən-rübə neft sənayesində istehsalın düşməsi bu vəziyyətin məntiqi nəticəsidir.

Onu da deyə bilərəm və mən artıq bu barədə qeyd etdim ki, “Azəri”, “Çıraq” neft yataqlarına böyük investisiyalar qoyulmuşdur. Biz buna görə bütün investorlara minnətdarıq və yenə də deyirəm, bu investisiyalar bizə imkan verdi ki, bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələrdən biridir. Ancaq istəyirəm ictimaiyyət onu da bilsin ki, bu investisiyalar xeyriyyəçilik funksiyalarını daşımırdı. Bu, sırf biznes layihədir. Yenə də bir neçə rəqəmi səsləndirmək istəyirəm. “Azəri”, “Çıraq” neft yataqlarına əvvəldən bu günə qədər bp-nin rəhbərlik etdiyi konsorsium tərəfindən 28,7 milyard dollar investisiya qoyulmuşdur. Bu günə qədər konsorsium 73 milyard gəlir götürmüşdür. Yəni, böyük mənfəət əldə edilmişdir. Əlbəttə, bütün bu mənfəət kontraktın şərtləri əsasında mümkün olmuşdur. Azərbaycan tərəfi də böyük mənfəət götürmüşdür. Bu gün bizim 45 milyard səviyyəsində olan valyuta ehtiyatlarımızın böyük hissəsi Neft Fondunun vəsaitidir. Nə qədər vəsait də son 12 il ərzində xərclənmişdir. Dövlət Neft Fondu 1999-cu ilin sonunda – dekabr ayında yaradılmışdır. O vaxtdan bu günə qədər ölkə iqtisadiyyatına qoyulan vəsaitin, infrastruktur layihələrinə, məktəblərin, yolların tikintisinə, abadlıq işlərinə qoyulan investisiyaların əsas mənbəyi bizim neft sənayemizdir. Ona görə bu, sırf kommersiya layihəsidir. Hesab edirəm ki, bütün vədlər, verilən proqnozlar yerinə yetirilməlidir. Qeyd etməliyəm ki, gözlənilməyən bu tənəzzül sırf “Azəri”, “Çıraq” yataqları üzrə fəaliyyət göstərən konsorsiuma rəhbərlik edən bp şirkətinin kobud səhvləri nəticəsində mümkün olmuşdur. Biz bp şirkəti ilə uzun illərdir ki, əməkdaşlıq edirik. Onların fəaliyyətini bütün dövrlərdə dəstəkləmişik. Onlar üçün ən ağır günlərdə onları dəstəkləmişik. Biz adekvat münasibət gözləyirik. Bizə verilən səhv proqnozlar qəbuledilməzdir. Dövlət Neft Şirkətinə verilən yalan vədlər qəbuledilməzdir. Dünya biznesində, biznesin bu səviyyəsində belə münasibətlərə yer yoxdur, mümkün deyildir. Biz həmişə bütün tərəfdaşlarla - istər siyasətdə, istər iqtisadi sahədə ədalətli olmuşuq. Həmişə dediyimiz sözlərə əməl etmişik. Biz adekvat münasibət gözləyirik. Mən hesab edirəm ki, bu məsələ ilə bağlı çox ciddi dəyişikliklər edilməlidir. Mən nə üçün bu məsələ ilə bağlı məlumatı məhz bu gün ictimaiyyət üçün açıram? Ona görə ki, keçən ay bp tərəfindən mənə rəsmi qaydada söz verilmişdir ki, bütün bu xoşagəlməz halların qarşısı qısa müddət ərzində alınacaqdır. Bütün səhvlər etiraf edildi. Etiraf edildi ki, vəziyyət çox ürəkaçan deyildir.

Mənə verilən vədlər ondan ibarət idi ki, qısa müddət ərzində çox ciddi dəyişikliklər ediləcək, işçi proqrama düzəlişlər olunacaq, hasilatı sabit səviyyədə saxlamaq üçün əməli tədbirlər görüləcək və ən önəmlisi, bu kobud səhvləri buraxan insanlar dəyişdiriləcəkdir. Ancaq o gündən bu günə qədər, - təxminən bir ay vaxt keçibdir və mən bu vədlərin yerinə yetirilməsini görmürəm. Əksinə, hesab edirəm ki, burada vaxt uzatma prosesi gedir. Ona görə, hesab edirəm ki, bu, tamamilə dözülməz bir haldır. Artıq Dövlət Neft Şirkətinə tapşırıq verilmişdir ki, bu məsələ rəsmi qaydada qaldırılsın və lazımi tədbirlər görülsün. Öz vəzifə borcunu, kontrakt şərtlərini yerinə yetirə bilməyən investorlar gərək, nəticə çıxarsınlar, ciddi ölçülər, tədbirlər görülməlidir və görüləcəkdir.

Beləliklə, əgər iqtisadi sahədə bu xoşagəlməz hadisələri nəzərə almasaq, vəziyyət ümumiyyətlə çox müsbətdir və ölkəmizdə aparılan iqtisadi islahatlar beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Keçən rübdə dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı yeni cədvəl dərc etmişdir və Azərbaycan o siyahıda 46-cı yerdədir. MDB məkanında birinci, dünya miqyasında 46-cı. Keçən ilə nisbətən biz 9 pillə yuxarı qalxmışıq. Yəni, bu, onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı və uğurları iqtisadi islahatlarla bağlıdır və bu hesabatda, eyni zamanda, makroiqtisadi vəziyyətlə bağlı cədvəl dərc edilmişdir. Makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Yəni, dünya miqyasında bu sahədə 18-ci yerdə olmaq nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə lüzum yoxdur. Əsas reytinq agentlikləri ki, hazırda Avropanın inkişaf etmiş ölkələrinin kredit reytinqlərini endirirlər, aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini artırırlar. “Fitch”, “Standard & Poor’s”, “Moody’s” – yəni 3 əsas reytinq agentliyi bizim kredit reytinqlərimizi artırıblar və bu da görülən işlər, aparılan islahatlar nəticəsində mümkün olmuşdur. Yəni, bu iqtisadi inkişaf prosesi elədir ki, bu inkişafı, irəliləyişi həm gözlə görmək mümkündür və həm də statistik rəqəmlərdə öz əksini tapır.

Digər sahələrdə, yenə də deyirəm, sosial məsələlərin həllində də böyük nəticələr vardır. Bildiyiniz kimi, sovet vaxtından qalmış əmanətlərə kompensasiya verilməsi prosesi başlanmışdır və bütün MDB məkanında ən qısa müddət ərzində və ən yüksək əmsalla bu vəsait məhz Azərbaycanda veriləcəkdir. Bu da sosial siyasətimizin nə qədər geniş olduğunu göstərir.

Orta aylıq əmək haqqı, orta aylıq pensiya artıb və MDB məkanında bu göstərici ən yüksək göstəricilər arasındadır. Müqayisə aparmaq üçün daha çox dollarla hesablanır. Belə ki, Azərbaycanda orta maaş 500 dollara bərabərdir, orta pensiya 190 dollara bərabərdir. Artım sürətlidir, ancaq bu, bizi qane edə bilməz. Baxmayaraq ki, müqayisə aparmaq və uğurlarla öyünmək üçün imkan var, hesab edirəm ki, gələcək illərdə bu sahədə daha da böyük uğurlar əldə ediləcəkdir. Bu, davamlı bir prosesdir, pensiyalar, əmək haqları ildən-ilə qaldırılır. Hazırda Azərbaycanda pensiyalar əmək haqlarının 40 faizini təşkil edir ki, bu da Avropanın inkişaf etmiş ölkələrinin kriteriyaları səviyyəsindədir.

Regionlarda işlər çox uğurla gedir. Regionlara səfərlərim mənə imkan verir ki, həm vəziyyətlə yaxından tanış olum, həm əlavə göstərişlər verilsin, əlavə vəsait ayrılsın. Bütün bölgələrdə canlanma, inkişaf, infrastruktur layihələrinin icrası, yeni iş yerlərinin açılması prosesi gedir. Bu ilin əvvəlindən 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimi iş yeridir. Regionların sosial-iqtisadi inkişafı proqramının əvvəlindən - 2004-cü ildən bəri bir milyon 100 min iş yeri açılmışdır ki, onlardan 800 mini daimi iş yeridir.

Yenə də deyirəm, bütün başqa sahələrdə, tikinti-quruculuq, sosial infrastrukturun yaradılması istiqamətində böyük nailiyyətlər vardır. İl ərzində 188 məktəb və əlavə korpuslar tikilmiş, 103 məktəb əsaslı təmir edilmişdir. Bu proses həm Bakıda geniş vüsət almışdır, həm də bölgələrdə. Bakı məktəblərinə gəldikdə, gələn tədris ilinə qədər nəinki qəzalı vəziyyətdə, heç bir dənə də olsun, təmirsiz məktəb qalmayacaqdır. Bölgələrdə də bu istiqamətdə böyük işlər gedir. Yəqin ki, bölgələrdə bütün məsələni tam şəkildə həll etmək üçün bir qədər çox vaxt lazım olacaqdır.

Keçən rübdə idmançılarımız bizi sevindirdilər. Azərbaycan Olimpiya və Paralimpiya oyunlarında çox böyük nəticələr göstərmişdir. Olimpiyaçılarımız dünya miqyasında 30-cu yerə çata bilmişlər. Medalların sayına görə 24-cü, keyfiyyətinə görə 30-cu yerdədirlər. Avropa ölkələri arasında 15-ci, İslam ölkələri arasında 3-cü yerdədirlər. On medal qazanmışıq, ikisi qızıl, ikisi gümüş, altısı bürünc. Böyük tarixi qələbədir. Paralimpiyaçılarımız 27-ci yerə çata bilmişlər. On iki medal qazanmışlar ki, onlardan dördü qızıldır. Yəni bu, yenə də deyirəm, həm bizi sevindirir, həm fərəhləndirir, həm də ki, ölkəmizin qüdrətini, gənclərimizin potensialını göstərir. Çünki idman hər bir ölkənin ayrılmaz bir hissəsidir, çox mühüm bir amildir. İdmanın inkişafı ölkənin ümumi inkişafını göstərir. Adətən iqtisadi tərəfdən güclü, siyasi sabitliyə malik olan ölkələrdə idman da sürətlə inkişaf edir. İdmanın inkişafı üçün dövlət vəsaiti, dövlət dəstəyi lazımdır, təlim-məşq prosesi yüksək səviyyədə keçirilməlidir, infrastruktur layihələri lazımdır. Azərbaycanda 35 regional Olimpiya Mərkəzi fəaliyyət göstərir və artıq 10-a yaxın yeni Olimpiya İdman Kompleksi tikilməkdədir.

Bir sözlə, keçən rüb və bu ilin doqquz ayı bütün istiqamətlər üzrə ölkə iqtisadiyyatı üçün uğurlu olmuşdur. Beynəlxalq arenada böyük uğurlar əldə edilmişdir. Biz BMT Təhlükəsizlik Şurasının iclaslarında fəal iştirak edir, prinsipial mövqe nümayiş etdiririk. Keçən ilin oktyabr ayında, - artıq bir il keçir, - biz Təhlükəsizlik Şurasına üzv olduqda, mən o vaxt xalqa müraciətimdə demişdim ki, biz bu qurumda ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik və bu sözə həmişə olduğu kimi, əməl edirik. Bizim mövqeyimiz böyük rəğbətlə və böyük hörmətlə qarşılanır. Çünki bir daha demək istəyirəm ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik. Eyni zamanda, seçkilər zamanı bizə göstərilən dəstək artıq özünü digər formatlarda büruzə verir. Bildiyiniz kimi, Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləmişdir. Bu yaxınlarda Qoşulmama Hərəkatının zirvə görüşündə 120 ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair qətnamə qəbul etmişdir. Bu, bizim növbəti böyük diplomatik uğurumuzdur, Ermənistanın növbəti məğlubiyyətidir. Çünki 120 ölkə dünya ictimaiyyətinin əksəriyyətini təşkil edir. Dünyada 200-dən bir qədər çox ölkə vardır. Bunlardan 120-si ərazi bütövlüyümüzü dəstəkləyir, münaqişənin həllini yalnız bu prinsiplər əsasında görür. Əgər biz NATO-nun Çikaqo sammitinin qərarlarını, bəyannamələrini nəzərə alsaq, - təbii ki, NATO-ya üzv olan ölkələr Qoşulmama Hərəkatının üzvü ola bilməz, - orada da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız ölkələrin ərazi bütövlüyü prinsipi əsasında həll olunması açıq şəkildə vurğulanmışdır. Bu da ermənilərin növbəti məğlubiyyəti, bizim növbəti uğurumuzdur. Yəni, dünya birliyinin dörddə üç hissəsi məsələnin həllini yalnız ərazi bütövlüyü prinsipi əsasında görür. Əlbəttə, bu, çox ədalətli mövqedir və məsələnin həlli üçün başqa mövqe, başqa variant ola bilməz.

O ki qaldı xalqların müqəddəratını təyinetmə prinsiplərinə, ermənilər çalışırlar dünya birliyini çaşdırsınlar, artıq dediyim qərarlar və bəyannamələr bütün bu yalan təbliğatını alt-üst edir. Xalqların öz müqəddəratını təyinetmə prinsipləri ölkələrin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Helsinki Yekun Aktının sənədlərində məsələ məhz belə qoyulubdur. Ona görə, bütün bu növbəti diplomatik uğurlar, siyasi qələbələr, Ermənistan üzrə mütləq qələbəmiz bizi daha da ruhlandırır və məsələnin həllinə yaxınlaşdırır.

Biz daha da güclü olmalıyıq və oluruq. Beynəlxalq mövqelərimizi möhkəmləndiririk, dünya miqyasında böyük dəstəyə malikik. Mən bu yaxınlarda Azərbaycan Diplomatik Akademiyasının açılışında və ölkəmizin xaricdəki səfirləri ilə görüşdə xarici siyasətlə bağlı strateji baxışlarımı kifayət qədər geniş ifadə etdim, təkrar etmək istəmirəm. Bir şeyi demək istəyirəm ki, biz indi dünyada yeni tərəfdaşlar əldə edirik və görürük ki, bizim üçün, əməkdaşlıq üçün ənənəvi olmayan qitələrdən də Azərbaycana böyük maraq vardır. Xüsusilə Latın Amerikasından. Biz də Latın Amerikası ölkələri ilə çox sıx əlaqələr qururuq və görürük ki, bu əlaqələr çox səmimidir, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və dostluq əsasında qurulur. Münasibətlər hər bir ölkə ilə məhz bu prinsiplər üzərində qurulmalıdır. Biz bunu dəfələrlə bəyan etmişik. Mən dəfələrlə demişəm ki, Azərbaycan ancaq bərabərhüquqlu münasibətləri qəbul edir. Əgər kimsə fikirləşirsə ki, öz iradəsini bizə qəbul etdirə bilər, səhv edir. Biz ancaq bərabərhüquqlu, qarşılıqlı maraqlar, bir-birinin işinə qarışmamaq prinsiplərini qəbul edirik. Biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi məhz bu prinsiplər əsasında sıx bağlayırıq və hesab edirəm ki, həm xarici siyasət və həm də iqtisadi məsələlərin həlli üçün bu istiqamət çox perspektivlidir. Həm xarici siyasət sektoruna, həm iqtisadi məsələlərlə bağlı olan qurumlara müvafiq tapşırıqlar verilmişdir ki, biz Latın Amerikası ölkələri ilə münasibətlərimizi daha da sürətlə qurmalıyıq. Əlbəttə, ənənəvi tərəfdaşlarla da bizim dostluq münasibətlərimiz vardır. Təbii ki, bu əlaqələr davam etdiriləcəkdir.

X X X

Mərkəzi Bankın idarə heyətinin sədri Elman RÜSTƏMOV çıxışında bildirdi ki, 2012-ci ilin doqquz ayında milli iqtisadiyyatımız sabitlik, inkişaf və dayanıqlılıq nümayiş etdirmişdir. Bu prosesin bank və maliyyə sektorundan da yan keçmədiyini bildirən E.Rüstəmov dedi:

- Cari ilin 9 ayında qeyri-neft sektoru qeyd etdiyimiz kimi 10 faizdən artıq yüksəlmişdir. Nəticədə son 4 ildə qeyri-neft sektorunun ÜDM-də payı 5 faiz bəndindən çox yüksəlmişdir.

Ölkəmiz orta gəlirli dövlətlər qrupunda öz mövqeyini daha da möhkəmləndirmişdir. Manatın paritet qiymətlərdə adambaşına düşən ÜDM həcmi 10 min ABŞ dollarını ötür. Bu göstəriciyə görə Azərbaycan dünyanın 100 ölkəsini geridə qoyur.

Ölkənin ticarət və tədiyə balansının strukturunda da şaxələnməni əks etdirən xarakterik proseslər gedir. İxracın həcmi idxalın həcmindən 3 dəfə böyükdür. Qeyri-neft əmtəə və xidmət ixracı da cari ilin sonuna təxminən 5 milyard ABŞ dolları həcmində gözlənilir. 2008-ci ildən bəri bu göstərici 2 dəfəyədək artmışdır.

Xidmətlər ixracı da böyüyür və cəmi qeyri-neft ixracının 60 faizini təşkil edir.

Tədiyə balansında ilin sonuna biz 16-17 milyard ABŞ dolları həcmində profisit gözləyirik. İlin sonuna strateji valyuta ehtiyatlarının 50 milyard dolları ötəcəyi proqnozlaşdırılır. Strateji ehtiyatlar ÜDM-in 70 faizinə çatır ki, bu göstərici üzrə ölkə dünyada ilk onbeşlikdədir. Ötən dövrdə ehtiyatlardan əldə olunan gəlirlər yarım milyard dollardan çox olmuşdur və artıq Siz qeyd etdiniz ki, cənab prezident, dünyada faiz dərəcələri bu gün çox aşağıdır, lakin Sizin tapşırığınıza uyğun olaraq ölkənin qızıl valyuta ehtiyatlarının alət, valyuta və coğrafi şaxələndirilməsi artıq həyata keçirilməyə başlanmışdır. Burada əsas məqsəd təbii ki, etibarlılıq, valyuta ehtiyatlarının idarə olunmasının səmərəliliyinin daha da artırılmasıdır.

Ölkədə investisiya aktivliyi də yüksəkdir. Cari ilin 9 ayında investisiyalar 27 faiz, o cümlədən qeyri-neft sektorunda 31 faiz artmışdır. Qeyri-neft sektoruna birbaşa xarici investisiyalar da artır ki, onun həcmi bu il 1 milyard dollar həcmində gözlənilir. Cari ildə təkcə regionlarda 284 yeni müəssisə yaradılıb, daha 444 müəssisə isə yaradılmaqdadır.

Azərbaycan stabil və dinamik büdcə sisteminə malikdir. Ötən 9 ayda büdcə xərcləri 27 faiz, o cümlədən investisiya xərcləri 20 faiz artmışdır. Qeyri-neft vergi daxilolmaları 14 faiz artmışdır. Büdcə proqnozları tam yerinə yetirilir və o profisitə malikdir.

SSRİ dövründən qalmış əmanətlərin qaytarılmasına başlanılıb. 871 min əmanətçiyə nəzərdə tutulan vəsaitin artıq 30 faizi, təxminən 366 milyon manat ödənilmişdir.

Qeyri-neft sektorunun davamı və dinamik inkişafı ölkədə işsizlik probleminin həllinə imkan vermişdir. Ölkədə məşğulluq səviyyəsi 95 faiz təşkil edir. 2008-ci ilin əvvəlindən 430 mindən çox yeni iş yeri yaradılmışdır. Təkcə cari ilin 9 ayında 94 min yeni iş yeri açılmışdır.

Əhalinin real pul gəlirləri ötən 9 ayda 12 faiz artmış, 2008-ci ildən bəri isə bu artım 2 dəfə olmuşdur. Dünya Bankının məlumatına görə, milli gəlirin ədalətli bölgüsünə görə Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur. Yəni davamlı inkişafdan dar bir təbəqə yox, daha geniş əhali kütləsi yararlanır. Başqa sözlə, iqtisadi inkişafın “inklyuzivliyi” artır. Yenə də Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir.

Belə bir inkişaf fonunda ölkənin beynəlxalq reytinqləri daha da yaxşılaşır. Siz artıq bunları qeyd etdiniz. Sadəcə, mən ölkənin investisiya-kredit reytinqi haqqında demək istəyirəm. Artıq biz top-reytinqin yəni A zonasının cəmi 2 addımlığındayıq.

Cənab Prezident, ölkə iqtisadiyyatının sürətli inkişafı dünyada iqtisadi gərginliyin davam etdiyi son 4 ildə baş verir. Qlobal güc mərkəzləri arasında yenidən tarazlaşma prosesi çox ağrılı gedir. Aparıcı ölkələrin irimiqyaslı iqtisadi stimul paketləri yalnız vəziyyətin kəskin pisləşməsinin qarşısını ala bilir. 3-cü rübdə qlobal artım tempi əvvəlki rüblərə nisbətən orta hesabla 1,5 faiz bəndi aşağı olmuşdur.

Sizin ölkənin sosial-iqtisadi inkişafının 6 ayının yekunlarına həsr edilmiş toplantıda qeyd etdiyiniz kimi, bunun əsas səbəbi bir sıra inkişaf etmiş ölkələrdə dövlət borcunun həddindən artıq yüksək səviyyəsidir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Tarixi təcrübə göstərir ki, yığılmış belə borcları azaltmaq üçün 10 illərlə vaxt tələb olunur. Zəruri və ağrılı büdcə konsolidasiyası tədbirləri radikal struktur standartları dərin siyasi restabilləşməyə və kəskin sosial etirazlara səbəb olur. Hazırda beynəlxalq təşkilatlarda ekspertlər cəmiyyətində yeni qlobal böhranın yeni dalğasının və onun nəticələri, riskləri geniş müzakirə olunur.

Azərbaycanda isə hökm sürən sabitlik və dayanıqlığın əsas səbəbi ölkədə uzun müddət həyata keçirilən diqqətli və məsuliyyətli makroiqtisadi strategiya və siyasətdir. Azərbaycan qlobal riskləri qarşılamaq üçün kifayət qədər manevr imkanlarına malikdir. Ölkənin uğurlu böhran qarşılaması təcrübəsi və böyük maliyyə ehtiyatları vardır. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda dövlət borcu ümumi daxili məhsulun cəmi 8 faizini təşkil edir, valyuta ehtiyatlarımız isə xarici dövlət borcunu 9 dəfə üstələyir.

Makroiqtisadi sabitlik institutu olaraq Mərkəzi Bank cari ildə öz mandatına uyğun olaraq fəaliyyətini qiymətlərin sabitliyi, milli valyutanın və bank sisteminin sabitliyinin təmin edilməsində cəmləşdirmişdir. İnflyasiya artıq qeyd olunduğu kimi təkrəqəmlidir. Orta illik inflyasiya isə cəmi 1,5 faiz təşkil edir. Əmək haqqının artım tempi inflyasiya tempini 7 faiz üstələyir.

İyun-sentyabr aylarında dünya ərzaq qiymətləri 8 faiz artsa da, ərzağın yerli istehsalın artması hesabına qiymət sabitliyinə müsbət təsir göstərmişdir. Məzənnə sabitliyi makroiqtisadi sabitliyinin mühüm dayağıdır. Ötən 9 ayda manatın sabitliyi qorunmuşdur. Artıq uzunmüddətli 15 illik bir dövr üçün milli valyutamızın sabitliyindən danışa bilərik. Manat nəinki ölkə daxilində, hətta regionda etibarlı valyuta kimi tanınmışdır. Biz görürük ki, bəzi ölkələrdə qeyri-sabit məzənnə necə ciddi sosial-iqtisadi gərginliklərə səbəb ola bilir.

2012-ci ildə bank sektorunda da maliyyə sabitliyi davam etmişdir. Bankların kapitalizasiya səviyyəsi yüksəkdir, risklərə qarşı kifayət qədər ehtiyatlar mövcuddur. Cari ildə bankların kapitalı 18 faiz, son 4 ildə 49 faiz artmışdır. Bank aktivləri də artıb. Cari ildə 11 faiz, son 4 ildə isə 51 faiz artmışdır. Bank aktivlərinin qeyri-neft daxili məhsuluna nisbəti 65 faiz təşkil edir. Kreditlər artır, cari ildə 12 faiz, son 4 ildə isə 55 faiz artmışdır. Kreditlərin təxminən 72 faizi uzunmüddətlidir, yəni investisiya yönümlüdür.

Əhalinin müddətli əmanətlərində cari ildə 8 faizdən çox artım olmuşdur və dünya iqtisadi böhranının başlandığı dövrdən bəri əhalinin əmanətləri 2,3 dəfə yüksəlmişdir. Bank aktivlərinin maliyyələşməsində xarici borcun payı son 4 ildə 20 faizdən 13 faizədək azalmışdır. Sektorun likvid aktivləri xarici borcun öhdəliklərini 100 faizdən çox ötür.

Cənab Prezident,

Yeni strateji dövr bank sektoru üçün mühüm çağırışlar müəyyən edir. Sektorun sabitliyi və inkişaf prioritetləri bankların kapitalına tələbin 5 dəfə artırılaraq 50 milyon manata çatdırılmasını zəruri etmişdir. Bu, bankların risklərə dözümlülüyünü, maliyyə vasitəçiliyi dərinliyini və effektivliyini artıracaqdır. Bank sektorunun iqtisadiyyatın artan miqyasına uyğunlaşması təmin ediləcəkdir. Kiçik və sağlam bankların isə maliyyə, texnoloji, institusional konsolidasiyasına şərait yaranacaq, onların rəqabət qabiliyyəti güclənəcəkdir.

Cari ildə ödəniş sistemlərinin də sabit və etibarlı fəaliyyəti təmin edilmişdir. Milli ödəniş sisteminin infrastrukturu vasitəsilə 2012-ci ilin 9 ayında həyata keçirilən ödənişlərin həcmi 16 faiz artaraq 85 milyard manata çatmışdır.

Cari ildə ölkədə qiymətli kağızlar bazarının inkişafının şahidi oluruq, onun həcmi 34 faiz artmışdır. Təkcə səhm bazarı 3,3 dəfə böyümüşdür.

Cənab Prezident, ölkə iqtisadiyyatı 2012-ci ili uğurla başa vurur və biz əminik ki, bu bizim iqtisadi inkişaf tariximizdə ən uğurlu illərdən biri olacaqdır. Eyni zamanda, iqtisadi inkişaf sahəsində yeni vəzifələr, yeni məqsədlər və yeni çağırışlar qarşıda durub. Sizi əmin edirik ki, rəhbərliyiniz altında ölkənin Mərkəzi Bankı və ölkənin digər iqtisadi orqanları bu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz səylərini əsirgəməyəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Respublikada gedən iqtisadi inkişafın nəqliyyat sektorunda da müşahidə olunduğunu, son illərdə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirlərin görüldüyünü və bunun cari ilin doqquz ayında da davam etdirildiyini bildirən nəqliyyat naziri Ziya MƏMMƏDOV dedi:

- 2012-ci ilin 9 ayı ərzində nəqliyyat-yol kompleksi üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 114 milyon ton yük, 1,2 milyard nəfər sərnişin daşınmışdır. Yüklərin 16,7 milyon tonu dəmir yolu, 9,3 milyon tonu su, 87,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmışdır. Limanlarda 9,1 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Bu dövr ərzində nəqliyyat sektoruna yönəldilmiş investisiyaların ümumi həcmi 1,7 milyard manat təşkil etmişdir.

Ölkəmiz üçün dəmir yollarının strateji əhəmiyyətini, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bərpa olunan “Tarixi İpək Yolu” marşrutu üzərində dəmir yolunun xüsusi yerini nəzərə alaraq, magistralın dayanıqlı fəaliyyətinin təmin edilməsi üçün irihəcmli yenidənqurma və tikinti işləri aparılmaqdadır. Sizin, cənab Prezident, təsdiq etdiyiniz dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin icrası olaraq Şərq-Qərb istiqamətində yol təsərrüfatının yenidən qurulması, enerji, rabitə-işarəvermə sisteminin tam dəyişdirilməsi, yeni lokomotiv və vaqonların alınması, mərkəzi dispetçer idarəetmə sisteminin yaradılması işləri hazırda 4 komponent üzrə mərhələlərlə davam etdirilir.

Layihə üzrə bu istiqamətdə sürət həddi saatda 140 kilometr olacaq yolun artıq 85 kilometr hissəsi yenidən qurulmuş, bağlanmış müqavilələr əsasında tələb olunan avadanlıq və materialların müəyyən hissələri alınmışdır.

Ölkəmizin tranzit imkanlarının artırılması, regional əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən və cənab Prezident, Sizin tapşırığınızla həyata keçirilən Bakı-Tbilisi-Qars layihəsi xüsusi yer tutur. Burada tikinti işləri sürətlə davam etdirilir. Hazırda Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 kilometr uzunluğunda yeni yolun üst quruluşu inşa edilmiş və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 kilometrlik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 kilometr olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilir.

Su nəqliyyatı sahəsində Xəzər Dəniz Gəmiçiliyinə məxsus gəmilərin və bərələrin müasir gəmilərlə əvəz edilməsi işləri davam etdirilmişdir.

Hazırda dövlət büdcəsi hesabına Xorvatiyada sifariş olunmuş 2 ədəd 54 vaqon tutumlu bərə ölkəyə gətirilir və yaxın günlərdə istismara veriləcəkdir.

Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi layihəsi çərçivəsində ərazinin tikintiyə hazırlanması və liman kompleksini birləşdirən yol infrastrukturunun tikintisi işləri davam etdirilir. Liman akvatoriyasında aparılan dib dərinləşdirmə işləri yekunlaşmaq üzrədir.

Hava nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, hava gəmiləri parkının yeniləşdirilməsi məqsədi ilə 2012-ci ildə “Azərbaycan Hava Yolları” QSC tərəfindən 2 ədəd “Boeing-767” tipli sərnişin təyyarəsi alınmış və “Boeing” şirkəti ilə yeni sifarişlərlə bağlı müqavilələr imzalanmışdır.

Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni aerovağzal kompleksinin tikintisi davam etdirilmişdir.

Ölkəmizdə daşımaların böyük hissəsi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilir və bu dinamika ilbəil artmaqdadır. Bu daşımaların təhlükəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı, cənab Prezident, Sizin verdiyiniz tapşırıqların icrası məqsədilə avtonəqliyyat parkının yeniləşdirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

2012-ci ilin 9 ayı ərzində paytaxtda 400 ədəd yeni iri və orta tutumlu avtobus və 1000 ədəd “London taksi”ləri olmaqla, 1085 ədəd yeni taksi minik avtomobilləri gətirilərək istismara verilmişdir.

Cari ilin əvvəlindən Daşkəsən, Gəncə və Horadiz avtovağzallarının tikintisinə başlanılmış, Yevlax avtovağzal kompleksinin tikintisi isə başa çatdırılaraq istifadəyə verilmişdir.

Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası hökumətləri arasında imzalanmış texniki-iqtisadi əməkdaşlıq Sazişi çərçivəsində Çin tərəfindən ayrılmış texniki yardımlar hesabına ölkəmizə kommunal xidmət təyinatlı 163 nəqliyyat vasitəsinin gətirilməsi təmin edilmişdir.

Hesabat dövründə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi diqqət mərkəzində saxlanılmış, yollarda təhlükəsizlik tədbirləri gücləndirilmiş, yolların texniki təchizatı, işarələnməsi və zəruri nişanların yerləşdirilməsi təmin olunmuşdur.

Möhtərəm cənab Prezident!

Avtomobil daşımalarında vacib amillərdən biri də müasir tələblərə cavab verən avtomobil yolları infrastrukturunun mövcudluğudur. Bu sahədə Sizin xüsusi tapşırıqlarınız əsasında ölkəmizdə müasir yol şəbəkəsinin yaradılması məqsədilə irimiqyaslı yol layihələri həyata keçirilir, yeni yollar çəkilir, körpülər tikilir.

2012-ci ilin 9 ayı ərzində 362,8 kilometr, o cümlədən 77,5 kilometr respublika əhəmiyyətli, 285,3 kilometr yerli əhəmiyyətli yol təmir olunmuş, avtomobil yollarında 11 körpü tikilmişdir. Daxili investisiyalar hesabına Bakı-Ələt avtomobil yolunun 2-4 kilometrlik hissəsi istismara verilmiş, bu yolun 50-69 kilometr hissəsinin tikintisi, Gəndob-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi, Qəbələ-Ağdaş, Ağstafa–Poylu–Gürcüstan sərhədi avtomobil yollarının yenidən qurulması, Ələt-Hacıqabul, Qəbələ-Oğuz, Goran-Naftalan, M2 Gəncə, Kürdəmir-İmişli, Bəhramtəpə-Biləsuvar avtomobil yollarının əsaslı bərpa işləri həyata keçirilmişdir.

Həmçinin Cəlilabad–Yardımlı, İsmayıllı–Lahıc, Quba-Qəçrəş, Şəki-Qax və digər yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri işləri aparılmışdır.

Beynəlxalq kreditlər hesabına Yenikənd–Salyan, Salyan–Şorsulu, Kür çayı üzərində körpü keçidinin tikintisi, Muğanlı–Yevlax, Tağıyev–Sahil, Yevlax-Gəncə, Hacıqabul–Bəhramtəpə avtomobil yollarının yenidən qurulması, Hacıqabul–Kürdəmir və Bakı-Şamaxı-Muğanlı avtomobil yollarının 4 zolağa genişləndirilməsi işləri davam etdirilmişdir.

Möhtərəm cənab Prezident!

“Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008–2013-cü illər üçün əlavə Tədbirlər Planı”na uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu-Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt M1-M2 magistralına çıxış avtomobil yolunun 8 cərgəli hərəkət üçün yenidən qurulması, Ziya Bünyadov prospektinin əsaslı təmiri və prospekt boyu 4 yerdə və Qələbə meydanında yol qovşaqlarının tikintisi davam etdirilmişdir.

Böyük Şor yol qovşağının üçüncü mərhələsi və Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun birinci hissəsinin layihəsi çərçivəsində uzunluğu 566 metr olan tunel istismara verilmişdir.

Buzovna-Mərdəkan–Qala, Zığ dairəsi-Beynəlxalq Aeroport avtomobil yolundan Qala istiqamətində avtomobil yollarının tikintisi davam etdirilməkdədir.

Bakı şəhərində 75 kilometr yol əsaslı təmir olunmuş və 5 yeraltı piyada keçidi istismara verilmişdir.

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Sizin 2011-ci il 23 may tarixli Fərmanınızın icrası olaraq Nəqliyyat Nazirliyinin elektron xidmət portalı yaradılmış və istifadəyə verilmişdir.

Möhtərəm cənab Prezident!

İcazə verin, nəqliyyat sektorunun işinə göstərdiyiniz daimi diqqət və qayğıya, istifadəyə verilən yeni nəqliyyat obyektlərinin açılışlarında vaxt tapıb şəxsən iştirak etdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirim və Sizi əmin edim ki, nəqliyyatçılar bundan sonra da Zati-alilərinizin tapşırıq və tövsiyələrini böyük məsuliyyət hissi ilə yerinə yetirəcəklər.

Diqqətinizə görə minnətdaram!

X X X

İlin doqquz ayında sosial proqramların icrası sahəsində mühüm tədbirlərin həyata keçirdiyini, əhalinin sosial müdafiəsinin yüksək səviyyədə təşkilinin diqqət mərkəzində saxlanıldığını vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli ƏLƏKBƏROV dedi:

- Sizin, cənab Prezident, sosial sahəyə xüsusi diqqətinizin daha bir nəticəsi kimi, ölkəmizdə icra olunan ünvanlı yardım proqramı hazırda 127 minə yaxın ailəni əhatə edir. Hər ailəyə isə ayda orta hesabla 112 manat vəsait ödənilir.

Təyinat zamanı subyektiv amillərin minimuma endirilməsi məqsədilə hazırda 27 rayonda tətbiq olunan poçt və elektron qaydada alternativ müraciət mexanizmlərinin bütün ölkədə icrası üçün iş aparılır.

Araşdırmalar göstərir ki, ünvanlı yardım alan ailələrin təxminən 40 faizinin ailə tərkibində və əmlak vəziyyətində yaxın illərdə onların bu növ dəstək almaq hüququna təsir edəcək dəyişikliklər gözlənilmir. Ona görə də belə ailələrə təyinat müddətinin iki, yaxud üç ilədək uzadılması barədə aidiyyəti orqanlara təkliflər göndərilmişdir.

Bu dəyişiklik təkrarən ünvanlı yardım almaq üçün vətəndaşları hər il yenidən sənəd toplayıb təqdim etmək çətinliklərindən qurtarmaqla, məmur-vətəndaş təmaslarının daha da azalmasına səbəb olacaqdır.

Möhtərəm cənab Prezident!

Qeyd etdiyiniz kimi, ünvanlı yardım aztəminatlı vətəndaşın minimum ehtiyaclarını ödəmək üçündür. Yoxsulluqdan çıxış, maddi rifahın yaxşılaşması isə yalnız səmərəli məşğulluq vasitəsilə mümkündür.

Mütərəqqi dünya təcrübəsi əsasında icra olunan “Özünədəstək” proqramı məhz müvafiq potensialı olan aztəminatlı ailənin məşğulluğuna imkan yaratmaqla, onun yoxsulluqdan çıxmasına şərait yaradır.

İndiyədək pilot olaraq, 13 rayonda vətəndaşlar tərəfindən böyük maraq göstərilən proqrama 281 ailə cəlb edilmişdir.

Proqramın davamı kimi, ölkəmizdə ilk dəfə olaraq Sosial Dəstək Fondunun yaradılmasına, aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsi mexanizminin tətbiqinə hazırlıq işləri aparılır. Bununla da müəyyən potensiala malik yoxsul ailələr şəxsi təsərrüfatlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.

Bu isə nəticə etibarilə yeni iş yerlərinin yaranmasına və aztəminatlı vətəndaşların tədricən yoxsulluqdan sahibkarlığa doğru irəliləyişinə şərait yaradacaqdır.

Beləliklə, qeyd olunan aktiv proqram nəticəsində ünvanlı yardım alanların sayının 30 faizə qədər azalacağı gözlənilir.

Möhtərəm cənab Prezident!

Növbədə dayanan bütün müharibə əlilləri və şəhid ailələrinin yaxın bir neçə ildə yeni mənzillə təmin olunmaları barədə verdiyiniz tapşırığa əsasən, mənzil tikintisi getdikcə sürətlənir.

Artıq 5 minə yaxın mənzil tikilərək istifadəyə verilmişdir. Cari ilin sonunadək ölkənin müxtəlif bölgələrində ümumilikdə 411 mənzil əlil və şəhid ailələrinə təqdim olunacaqdır.

Yaxın aylarda ayrı-ayrı bölgələrdə 510 mənzildən ibarət binaların inşasına başlanacaqdır.

Sizin, cənab Prezident, təsdiq etdiyiniz “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin də inşasına şərait yaratmışdır.

Hazırda Zabrat qəsəbəsində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi, yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq, Bilgəhdə Qocalar evi üçün ikinci korpus inşa olunur. Saray, Şağan, Buzovna internat evlərində olduğu kimi, digər sosial xidmət müəssisələrində də müasir standartlara uyğun şəraitin yaradılması işləri aparılır.

Eyni zamanda, cari ildən etibarən, pilot layihə kimi ixtisaslaşdırılmış vətəndaş cəmiyyəti institutları ilk dəfə olaraq dövlət sifarişləri əsasında reabilitasiya xidmətlərinə cəlb edilmişdirlər. İlkin mərhələdə sağlamlıq imkanları məhdud uşaqlara və sosial cəhətdən risk vəziyyətində olan yetkinlik yaşına çatmayanlara bu xidmətlər göstəriləcəkdir.

Ölkəmizin davamlı sosial-iqtisadi inkişafı demoqrafik vəziyyətə də müsbət təsir göstərmişdir. 1990-1995-ci illərdə əhalinin orta ömür uzunluğu göstəricisi 71 yaşdan 69 yaşadək azaldığı halda, 2012-ci ildə doğulanlar üçün gözlənilən ömür uzunluğu 73,8 yaş təşkil etmişdir. Hesablamalar göstərir ki, növbəti onilliklərdə bütün dünyada, o cümlədən ölkəmizdə yaşlaşma prosesinin güclənəcəyi gözlənilir. Proqnoz göstəricilərə əsasən 2050-ci il üçün Azərbaycanda orta ömür uzunluğu 77,3 yaş olacaqdır.

Buna görə də, yaşlı insanların sosial vəziyyətinin daha da yaxşılaşdırılması və onlara dövlət qayğısının artırılması məqsədilə növbəti Dövlət Proqramının hazırlanması üçün müvafiq tədbirlər görülməkdədir.

Möhtərəm cənab Prezident,

Respublika hökumətinin 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair iclasında Sizin əmək bazarına daha güclü nəzarət olunması, qeyri-leqal məşğulluq hallarının aradan qaldırılması barədə verdiyiniz tapşırığın icrası daim diqqət mərkəzindədir.

Bununla əlaqədar, aidiyyəti dövlət qurumları və sosial tərəfdaşlarla birgə qeyri-leqal məşğulluğun aradan qaldırılması üzrə birgə komissiya yaradılmışdır. Konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilərək tədbirlər görülməkdədir.

Dövlət Əmək Müfəttişliyi Xidməti təkcə son üç ayda 31 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsini təmin etmişdir.

İnzibati tədbirlərlə yanaşı, vətəndaş maarifləndirilməsi işləri görülmüş, müvafiq mövzuda videoçarxlar nümayiş etdirilmiş, təşviqat xarakterli müxtəlif çap məhsulları hazırlanaraq ictimaiyyət arasında yayılmışdır.

Qeyd edim ki, son illərdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nəzarət gücləndirilmişdir.

Bu sahədə müsbət nəticə kimi, istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2003-dən 153-ə, belə hadisələr nəticəsində dünyasını dəyişənlərin sayı 80-dən 57 nəfərə enmişdir.

Sizin tapşırığınıza uyğun olaraq, əmək hüquqlarının təmin edilməsinə dövlət nəzarəti müasir tələblər səviyyəsində qurulmaqdadır.

Bu sahədə tədbirlərdən biri kimi, Dünya Bankı və Avropa İttifaqı ilə birgə layihələr çərçivəsində iş yerlərində təhlükəsiz əmək şəraiti normalarına uyğunluğun ölçülməsi sahəsində əmək müfəttişləri üçün müasir mobil laborator avadanlıqlar alınmışdır. Hazırda müfəttişlərin peşəkarlığının artırılması üzrə təlim strategiyası icra olunur.

Əmək bazarının keyfiyyətinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğun səriştəli əmək qüvvəsinin yaradılması məqsədi ilə Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması işləri aparılır.

Bakı və Göyçay Peşə Tədrisi Mərkəzləri müasir tələblər səviyyəsində yenidən qurulmaqla, Gəncə şəhərində də belə bir mərkəzin yaradılması nəzərdə tutulur.

5 sentyabr 2012-ci il tarixində təsdiqlənən “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üzrə Dövlət Proqramı”nda dövlət orqanlarının fəaliyyətində ictimaiyyətin iştirakının gücləndirilməsi nəzərdə tutulmuşdur.

Diqqətinizə çatdırım ki, bütün sosial müdafiə tədbirlərinin təşkilində, habelə vətəndaş qəbullarında müxtəlif ictimai birliklərin iştirakı təmin olunur. Hələ ötən il nazirlikdə vətəndaş cəmiyyəti institutlarının təmsil olunduğu İctimai Şura yaradılmışdır.

Bununla yanaşı, nazirliyin artıq əksər fəaliyyət sahələri üzrə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir.

Qeyd edim ki, son illərdə əmək və sosial müdafiə sahəsində beynəlxalq əməkdaşlıq xeyli güclənmiş, layiqli əməyin təminatı mövzusunda Bakıda bir sıra beynəlxalq səviyyəli tədbirlər təşkil edilmişdir.

Cari ilin dekabrında isə ölkəmizdə MDB-nin əmək və sosial məsələlər üzrə Məsləhət Şurasının yubiley iclası keçiriləcəkdir.

Eyni zamanda, 2013-cü ilin aprelində İslam Konfransı Təşkilatına üzv ölkələrin nazirlərinin, 2015-ci ildə isə Avropa Şurasının sosial birlik məsələlərinə məsul nazirlərinin konfranslarının Azərbaycanda keçirilməsi gözlənilir.

Möhtərəm cənab Prezident!

Çıxışımın sonunda əmin edirəm ki, ölkəmizdə sosial rifahın yüksəldilməsi istiqamətində aktiv proqramlar və effektli iş mexanizmləri əsasında bundan sonra da səylə çalışacağıq.

Diqqətinizə görə təşəkkür edirəm.

 

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin yekun nitqi

- İlin sonuna qədər üç aydan az bir vaxt qalır. Əminəm ki, qalan müddət ərzində bütün nəzərdə tutulmuş məsələlər öz həllini tapacaqdır. Xüsusilə Dövlət İnvestisiya Proqramının icrası yekunlaşacaqdır. Çünki Dövlət İnvestisiya Proqramı ölkə iqtisadiyyatının inkişafı üçün deyə bilərəm ki, əsas rolunu oynayır, ildən-ilə bu proqram böyüyür. Həm həcmi böyüyür, həm yeni istiqamətlər üzə çıxır. Ona görə, hesab edirəm ki, ilin sonuna qədər uğurlu iqtisadi inkişafımız davam edəcəkdir. Biz gələn ilin sosial-iqtisadi konturlarını indidən özümüz üçün müəyyən etməliyik. Əslində bunu müəyyən edirik. Elə etməliyik ki, gələn il də makroiqtisadi vəziyyət sabit olaraq qalsın.

Mən giriş sözümdə qeyd etdim ki, hətta dünyanın ən mötəbər iqtisadi qurumlarından biri olan Davos İqtisadi Forumunun hesablamalarına əsasən makroiqtisadi sabitliyə görə Azərbaycan dünya miqyasında 18-ci yerdədir. Əlbəttə, bu, çox yüksək göstəricidir. Bu göstərici əslində onu deyir ki, gələcək illərdə də bu sahədə sabitlik olacaqdır. Bu ilin inflyasiyası son illər ərzində ən aşağı səviyyədədir. Çalışmalıyıq ki, gələn il də inflyasiya riskləri minimuma endirilsin. Bunu təmin etmək üçün bizim əlimizdə kifayət qədər geniş mexanizmlər, vasitələr, alətlər vardır. Bu sahədə əldə edilmiş nəticələr xüsusi məna daşıyır. Çünki ölkə iqtisadiyyatına verilən maliyyə ildən-ilə artır. Həm dövlət büdcəmiz artır, eyni zamanda, bu il inflyasiyaya təkan verə biləcək çox ciddi siyasi qərar qəbul edilmişdir. Sovet vaxtından qalan əmanətlərə kompensasiya verilməsi başlamışdır və bildiyiniz kimi, hər bir yeni pul kütləsi bazara çıxdıqda istər-istəməz inflyasiya riskləri də artır. Ancaq baxmayaraq ki, böyük məbləğdə vəsait artıq vətəndaşlara verilir, inflyasiya aşağı səviyyədədir. Yəni, bu, bizim böyük rezervlərimizi, düşünülmüş makroiqtisadi siyasət aparılmasını göstərir və ümumiyyətlə iqtisadi sahədə bizim düzgün siyasətimizə dəlalət edir.

Ona görə biz bu məsələ ilə daim məşğuluq və müvafiq qurumlar, iqtisadi qurumlar, Mərkəzi Bank məsələni daim nəzarət altında saxlayır. Elə etməliyik ki, gələn il də inflyasiya riskləri minimum səviyyədə olsun.

Biz son aylar ərzində, eyni zamanda, təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması ilə də ciddi məşğul olmuşuq. Əfsuslar olsun ki, son illərdə Azərbaycan təbii fəlakətlərlə üzləşir. İki il əvvəl böyük daşqın baş vermişdir. Bu il böyük zəlzələ baş vermişdir. Mən zəlzələ zonasında iki dəfə olmuşam. Zəlzələ baş verdikdə və keçən ay. Artıq işin gözəl nəticələrini gördüm. Həm məktəblər qısa müddət ərzində tikilmişdir, həm evlər tikilir, bərpa edilir. Bu məqsədlər üçün həm Prezidentin ehtiyat fondundan, həm də dövlət büdcəsindən kifayət qədər böyük məbləğlər - 300 milyon manatdan çox vəsait ayrılmışdır. Çalışmalıyıq ki, qalan vəsait də təşkil edilsin ki, qısa müddət ərzində biz bu məsələni də tam şəkildə həll edək. Ancaq bu, çox böyük iş həcmi deməkdir. Minlərlə ev dağıldı, yararsız vəziyyətə düşdü və Azərbaycan dövləti bu maliyyə yükünü yenə də öz üzərinə götürmüşdür. Mən bu barədə bir neçə dəfə öz fikirlərimi bildirmişəm. Daşqın, zəlzələ zamanı biz çalışmalıyıq ki, bu sahədə də mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edək. Yəni, bunun vaxtı gəlib çatıb və onu da demək istəyirəm ki, heç bir dövlətdə, yəni inkişaf etmiş dövlətlərdə təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması, yəni o mənada ki, evlərin tikintisi heç zaman dövlət büdcəsi vəsaitinə həll edilmir.

Bütün evlər sığortalıdır. Hər bir vətəndaş öz evini sığortalayır. Ondan sonra xoşagəlməz hal baş verdikdə sığorta şirkəti onun bütün kompensasiyalarını ödəyir. Əlbəttə, heç kim təbii fəlakətləri proqnozlaşdıra bilməz. Zəlzələ elə şeydir ki, heç bir ölkə onun qarşısını ala bilməz. Ona görə, hesab edirəm ki, biz indidən bu məsələ ilə bağlı ciddi məşğul olmalıyıq. Yeni sistem tətbiq edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməlidir və hökumət yaxın zamanlarda bu məsələ ilə bağlı konkret təkliflər verməlidir. Əlbəttə, cəmiyyətdə maarifləndirmə işləri də aparılacaqdır, digər tədbirlər də görüləcəkdir. Biz bu məsələni birdəfəlik həll etməliyik, çünki hər dəfə dövlət bu məqsədlər üçün yüzlərlə milyon manat məbləğində vəsait ayırır. Bu, əlbəttə ki, həm dövlət büdcəsinə əlavə yükdür, eyni zamanda, əslində o qədər də ciddi, sistemli yanaşma deyildir. Sadəcə olaraq, biz yenə də öz sosial siyasətimizi aparmaqla, insanların ağır vəziyyətə düşməsini nəzərə almaq şərti ilə bu addımları atırıq. Əslində artıq hər şey sistemə oturmalıdır və əminəm ki, biz bu sahədə də lazımi sistemi yarada biləcəyik.

Məcburi köçkünlərin yerləşdirilməsi prosesi gedir. Bu il bu məqsədlər üçün Neft Fondundan rekord məbləğ – 300 milyon manat nəzərdə tutulmuşdur. Bu vəsaitlə yeni qəsəbələr salınır. Mən bu qəsəbələrin açılışlarında iştirak edirəm və görürəm ki, doğrudan da biz insanlara sevinc bəxş edirik, onları ağır vəziyyətdən çıxarıb normal şəraitlə təmin edirik. Hesab edirəm ki, biz gələn il də ən azı bu səviyyədə vəsait ayırmalıyıq. 300 milyon manat böyük məbləğdir və gələn il də köçkünlərin yerləşdirilməsi, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün böyük tədbirlər görüləcəkdir. Hələ ki, ağır vəziyyətdə yaşayan köçkünlər vardır. Əlbəttə, “çadır şəhərciyi” anlayışı artıq 5 ildir ki, silinibdir. Ancaq uşaq bağçalarında, hərbi hissələrin ərazilərində, yataqxanalarda kifayət qədər çox köçkün yaşayır. Biz həm onların vəziyyətini yüngülləşdirəcəyik, eyni zamanda, uşaq bağçaları ilə də bağlı bizim böyük planlarımız vardır.

İndi Bakı şəhərində bütün uşaq bağçaları təmir edilir və göstəriş verilmişdir ki, yeni bağçalar tikilsin. Çünki mövcud imkanlar tələbatın yalnız 20 faizini ödəyir. Uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilmişdir. O vaxt əhalinin sayı o qədər çox deyildi. Əhali artır, tələbat artır və valideynlər görəndə ki, artıq uşaq bağçalarında vəziyyət çox yaxşıdır, əlbəttə, istəyirlər ki, uşaqlarını oraya versinlər, amma fiziki imkanlar yoxdur. Əvvəllər uşaq bağçalarının vəziyyəti elə ağır idi ki, heç bir valideyn uşağı oraya vermək istəmirdi. İndi vəziyyət dəyişib. Buna görə, gələn ilin İnvestisiya Proqramında uşaq bağçalarının tikilməsi və bəlkə də mövcud bağçaların yanında yeni korpusların inşası məsələlərinə baxmalıyıq. Çünki bu, çox əlamətdar haldır ki, - mən daim bunu qeyd edirəm və görürəm, - həm məktəblər, həm uşaq bağçaları tikilərkən onların ərazisi çox böyük götürülmüşdür. Bu, sovet dövrünün çox müsbət siyasəti idi. İndi o ərazilərdə yeni korpuslar tikilməlidir və tikilir əslində. Eyni zamanda, yeni yerlər də müəyyən edilməlidir. Ona görə, biz bu məsələlərlə ciddi şəkildə məşğul olacağıq və əminəm ki, növbəti illərdə daha da böyük uğurlar əldə ediləcəkdir.

Regionlarda infrastruktur layihələrinin icrası sürətlə gedir. Artıq biz hər istiqamət üzrə konkret proqramlar çərçivəsində işləyirik. Həm qazlaşdırma prosesi gedir, mən bölgələrdə olarkən daim maraqlanıram – qazlaşdırma necə gedir, içməli su layihələri necə icra edilir?!

Demək olar ki, hər şey cədvəl üzrə gedir. Bu yaxınlarda biz Zərdab rayonunda artıq birinci içməli su layihəsinin reallaşdırılmasını qeyd etmişik. Artıq bir neçə gündən sonra Zərdab şəhərinin sakinləri təmiz mənbədən götürülən saf içməli suya malik olacaqlar. Bu, doğrudan da böyük və tarixi hadisədir. Növbəti müddətdə bütün rayon mərkəzləri, bütün şəhərlər içməli su ilə təmin ediləcəkdir. Bunu etmək üçün konkret tapşırıqlar verilib və bu məqsədlərə çatmaq üçün gələn ilin İnvestisiya Proqramında kifayət qədər böyük məbləğ nəzərdə tutulmuşdur.

Bununla bərabər, regional infrastruktur layihələri ilə bağlı digər istiqamətlər üzrə işlər sürətlə gedir. Həm magistral yollar, həm də şəhərlərarası yollar və kənd yolları tikilir. Deyə bilərəm ki, bu il kənd yollarına müasir Azərbaycan tarixində ən böyük vəsait qoyulmuşdur. Hər bir bölgədə kənd yolları tikilir və onlarla kənd, şəhərlər, rayon mərkəzləri bir-biri ilə birləşir. Bunun çox böyük mənası vardır. Bu, həm sosial məsələdir, biz bunu insanların rahatlığı üçün edirik. Eyni zamanda, bu, iqtisadi məsələdir. Çünki bir neçə bölgədə mənə müraciət olunarkən qeyd edilirdi ki, əgər kənd yolu çəkilərsə, o zaman bu bölgənin turizm imkanları açılacaqdır. Çünki turizmin inkişafı üçün kənd yolları əsas şərtdir. Nəzərə almalıyıq ki, bizdə turizm yerləri dağlıq ərazilərdədir, bəzi hallarda o gözəl, mənzərəli yerlərə çatmaq üçün insanların imkanı olmur. Ona görə, biz bu məsələlərə fərdi qaydada baxırıq. İlin sonunda siyahı tutulur və kənd yollarının bəziləri dövlət büdcəsi, bəziləri isə Prezidentin ehtiyat fondu hesabına tikilir. Biz gələn il də eyni yanaşmanı tətbiq etməliyik.

İnfrastruktur layihələri arasında qazlaşdırma, kənd yolları, içməli su, əlbəttə, kanalizasiya məsələləri prioritet təşkil edir. Elektrik xətlərinin çəkilişi məsələləri də prioritet olmalıdır. Biz elektrik enerjisi ilə bağlı son illər ərzində çox ciddi tədbirlər görmüşük, böyük güclər yaradılıbdır, elektrik stansiyaları tikilibdir. Ancaq paylayıcı xətlər bir çox hallarda istənilən səviyyədə deyildir. Ona görə, hesab edirəm ki, artıq əsas yükü paylayıcı xətlərə yönəltməliyik, xüsusilə bölgələrdə. Çünki Bakı şəhərində görülən tədbirlər nəticəsində bu məsələ demək olar ki, əsaslı şəkildə öz həllini tapmışdır. Yeni infrastruktur layihələrinin icrası nəticəsində artıq çox mükəmməl sistem yaranmaqdadır. Bölgələrdə isə paylayıcı xətlər lazımi səviyyədə deyildir. Mən də bunu görürəm – bəzi hallarda taxta dirəklər üzərində. Külək əsən kimi həmin dirək aşır, xətt qırılır və insanlar əziyyət çəkirlər. Mən dəfələrlə bu barədə fikirlərimi bildirmişəm. Hesab edirəm ki, gələn il artıq bu sahədə də ciddi dönüş ili olmalıdır. Biz bu məsələ ilə bağlı kompleks tədbirlər görməliyik. Hökumətə tapşırıram ki, konkret proqram təşkil edilsin. İnvestisiya Proqramında bölgələrin paylayıcı xətlərinin bərpası, yenidən qurulması məsələsi də ayrıca maddə ilə öz əksini tapmalıdır.

Ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər də Azərbaycanda uğurla həll edilir. Bu məsələyə də biz kompleks şəkildə yanaşırıq, lazımi təhlil aparılır. Bizim daxili imkanlar, daxili bazarın potensialı araşdırılır və qarşıya məqsəd qoyulmuşdur ki, biz özümüzü yerli məhsullarla maksimum dərəcədə təmin edək.

Bu məsələ ilə bağlı da biz daim fikir mübadiləsi aparırıq. Müvafiq göstərişlər verilmişdir və hesab edirəm ki, gələn il bu istiqamətdə əlavə tədbirlər görüləcəkdir. Əsas ərzaq məhsullarının istehlakı yüz faiz Azərbaycanda istehsal olunan mallar hesabına təmin edilməlidir. Biz buna yaxınıq, bəzi mövqelər üzrə bunu əldə etmişik, bəzi istiqamətlər üzrə artıq hədəfə yaxınlaşırıq. Bölgələrdə yaradılan yeni müəssisələr, emal müəssisələri, südçülük fabrikləri, heyvandarlıq fermaları, çörək zavodları, quşçuluq fabrikləri bizə imkan verir ki, yaxın illərdə hər bir mövqe üzrə daxili tələbatı yüz faiz öz gücümüzə arxalanaraq təmin edək. Bu, həm sosial məsələdir, həm ərzaq təhlükəsizliyi məsələsidir, həm də iqtisadi məsələdir, iş yerlərinin yaradılmasına gətirib çıxarır. Yəni, biz burada bir neçə hədəfi nəzərə alırıq və bütövlükdə bu istiqamətdə aparılan işlər məni qane edir. Çünki biz bu işlərə sistemli yanaşmışıq, pərakəndə şəkildə yox. Sistemli təhlil aparılmışdır və biz bu istiqaməti Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə də sahibkarlara göstəririk. Çünki bu alət də çox səmərəlidir. Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 200 milyon manat güzəştli kreditlər nəzərdə tutulur, onların böyük əksəriyyəti artıq verilmişdir. Mən göstəriş verdim ki, gələn il biz bu məbləği artıraq və gələn il bu fond vasitəsilə üç yüz milyon manat məbləğində güzəştli kreditlər verilməlidir. Çünki bu, çox vacib sahədir, bu, real iqtisadiyyata qoyulan investisiyalardır, dövlət nəzarəti altında qoyulan investisiyalardır. Ancaq özəl sektor da bu investisiyaları qoyur. Biz bu proqramı icra edərkən həm özəl sektoru stimullaşdırırıq, ucuz kreditlər verməklə onların fəaliyyətini genişləndiririk, eyni zamanda, daxili istehsalı da stimullaşdırırıq.

Yəni, bu çox işlək və səmərəli mexanizmdir. Ona görə, hesab edirəm ki, biz məbləği artırmalıyıq. Xüsusilə nəzərə alsaq ki, indi bu fondda yığılan vəsaitin əksəriyyəti əvvəlki illərdə verilmiş kreditlərin qaytarılması hesabına formalaşır. Beləliklə, daha dövlət büdcəsinin vəsaitinə ehtiyac olmayacaqdır. Bir neçə ildən sonra təqribən üç yüz, bəlkə beş yüz milyon dollar sərbəst vəsait əldə edəcəyik. Bu vəsait ildən-ilə dövr edərkən biznesi stimullaşdıracaqdır. Yəni, biz hələ iki-üç il ərzində bu istiqamətə büdcə dəstəyi verməliyik. Ondan sonra artıq bu, müstəqil şəkildə öz fəaliyyətini göstərəcəkdir.

İri fermer təsərrüfatlarının yaradılması ilə bağlı verilən göstərişlər yerinə yetirilir. Artıq iki böyük layihə icra edilməkdədir - biri Ağcabədi rayonunda, digəri Beyləqan rayonunda. İki sahənin ümumi ölçüləri beş min hektara yaxındır. Bu, yeni bir yanaşmadır və bu barədə biz dəfələrlə danışmışıq. Şadam ki, artıq bu məsələ reallaşır. Bu fermer təsərrüfatlarında məhsuldarlıq çox yüksək olmalıdır. Ən azı 40, bəlkə 50 sentner taxıl istehsal edilməlidir ki, biz növbəti üç-dörd ilə bu sahədə - buğda sahəsində də öz tələbatımızı tamamilə daxili resurslar hesabına ödəyə bilək. Belə fermer təsərrüfatlarının yaradılması prosesi sürətlə getməlidir.

İstədiyimiz məqsədə çatmaq üçün təxminən qırx-əlli böyük fermer təsərrüfatı yaratmalıyıq ki, bu da bizim bu sahədə müstəqilliyimizi tam təmin edəcəkdir. Bunun bir neçə səbəbi vardır.

Birincisi, biz öz torpaqlarımızdan səmərəli şəkildə istifadə etməliyik. İkincisi, biz böyük suvarma-meliorasiya layihələrini icra edirik. Əlbəttə, on minlərlə hektar yeni torpaqlar dövriyyəyə buraxılacaq və kəndlilər bundan səmərəli şəkildə istifadə edəcəklər. Digər tərəfdən, bu, yeni iş yerləri, yerli istehsal, iqtisadiyyatın canlanması deməkdir. Eyni zamanda, belə olan halda biz dünyada baş verən proseslərdən də özümüzü sığortalayacağıq. Çünki hansısa ölkədə bir il quraqlıq olur, bir il taxıl yığımı aşağı düşür. İstər-istəməz bu, istehlak qiymətlərinə təsir edir və bizim vətəndaşlar da ondan sonra bunun əziyyətini çəkirlər. İndi dünyada buğdanın qiyməti böyük dərəcədə artıb. Çünki ənənəvi ixracatçı ölkələrdə istehsal kəskin şəkildə aşağı düşmüşdür, qıtlıq vardır, quraqlıq olmuşdur. Bu, istər-istəməz qiymətlərin qalxmasına gətirib çıxarır. Bir neçə il budan əvvəl də biz eyni vəziyyətlə üzləşmişdik. İmzalanmış kontraktlar var idi ki, biz taxılı, buğdanı o kontraktlar əsasında gətirməli idik, artıq icra edilməmişdir, çünki bəzi ölkələr ixracata qadağa qoymuşlar. Biz bu asılılığı da üzərimizdən atmalıyıq, necə ki, bütün başqa sahələrdə asılılığı azaldırıq, bu sahədə də bunu etməliyik. Ona görə İnvestisiya Proqramında bu, daha da geniş şəkildə nəzərə alınmalıdır ki, yenə də deyirəm, mən maksimum götürürəm, maksimum hədəf dörd il, beş il, amma hesab edirəm ki, ondan da tez müddətdə biz bu sahədə də yerli istehsalla özümüzü 100 faiz təmin etməliyik.

Gələn ilin büdcəsi artıq formalaşıb, təqdim edilib. Gələn ilin büdcəsi bu ilin büdcəsindən daha da böyük olacaqdır. Büdcə xərcləri təxminən 20 milyard manat səviyyəsində gözlənilir və bu, kifayət qədər böyük məbləğdir. İcmal büdcə ondan da böyük olacaqdır. İcmal büdcə 30 milyard dollardan da böyük ola bilər. Yəni, bu böyük rəqəmdir və bu rəqəm, əlbəttə ki, bizim gücümüzü, eyni zamanda, ölkə qarşısında duran problemlərin həllinin bizim üçün nə qədər vacib olduğunu göstərir. Biz bu vəsaitdən maksimum səmərə ilə istifadə etməliyik. İldən-ilə artan dövlət büdcəmiz, əlbəttə ki, mövcud problemlərin həlli üçün də çox vacibdir. Amma eyni zamanda, bu, böyük məsuliyyətdir. Elə etməliyik ki, bu məsələ ilə bağlı bütün hədəflər nəzərə alınsın. Xüsusilə İnvestisiya Proqramı tərtib edilsin. Başqa yerlərdən fərqli olaraq biz Dövlət İnvestisiya Proqramını yəqin ki, bu ilin sonunda qəbul etməliyik. Çünki adətən hər ilin əvvəlində Dövlət İnvestisiya Proqramını qəbul edirik, təxminən yanvar ayında, ondan sonra vaxt keçir, razılaşmalar aparılır. Təxminən fevralın sonuna yaxın artıq investisiyalar verilməyə başlayır. Yəni, vaxt itirməmək üçün biz Dövlət İnvestisiya Proqramını bu ilin sonuna qədər qəbul etməliyik.

Bir neçə kəlmə enerji təhlükəsizliyi ilə bağlı demək istəyirəm. Bu sahədə Azərbaycan öz təhlükəsizliyini tam şəkildə təmin edə bilmişdir. Son ayların çox gözəl hadisələrindən biri ondan ibarətdir ki, “Ümid” yatağından ilkin qaz artıq gətirilmişdir. Bu da çox gözəl göstəricidir. Qaz quyularının debitləri çox yüksəkdir. Birinci quyunun göstəriciləri çox ümidvericidir. Yəni, “Ümid” öz adını doğruldur. “Ümid” yatağının Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən kəşf edilməsi tarixi hadisədir. Çünki son illər ərzində ilk dəfədir ki, Azərbaycan Dövlət Neft Şirkəti təkbaşına böyük qaz yatağının işlənilməsinə nail ola bilmişdir.

Hazırda qazın hasilatı gedir, sahilə ötürülür, kondensat hasil edilir. Bu yaxınlarda Neft Şirkəti tərəfindən mənə verilən məlumata görə, “Ümid” yatağından çox keyfiyyətli kondensat hasil edilir.

Bu yatağın çox böyük əhəmiyyəti vardır. Bu, bizim enerji təhlükəsizliyimizi daha da möhkəmləndirəcəkdir. Eyni zamanda, bizim ixrac potensialımızı da genişləndirəcəkdir.

Adətən Azərbaycanın qaz resursları haqqında söhbət aparanda bəzi mütəxəssislər ancaq “Şahdəniz” yatağı haqqında danışırlar. Əlbəttə, “Şahdəniz” yatağı bizim ən böyük yatağımızdır. Ən azı bir trilyon 200 milyard qaz ehtiyatları vardır. Dünya miqyasında ən böyük qaz yataqlarından biridir, bəlkə də birincisidir. Ancaq bizim qaz resurslarımız təkcə “Şahdəniz” ilə məhdudlaşmır. Biz gələcək ixrac imkanlarımızı ancaq “Şahdəniz”də olan hasilatla məhdudlaşdırmamalıyıq.

“Ümid” yatağımız Dövlət Neft Şirkəti tərəfindən aşkarlanıb. Orada ən azı 300 milyard kubmetr qaz vardır. “Total” və “Gaz de France” şirkətləri tərəfindən “Abşeron” yatağında böyük qaz ehtiyatları aşkarlanıb. Orada da ən azı 300 milyard kubmetr qaz vardır. Yəni, biz öz ixrac strategiyamızı planlaşdırdıqda bu amili mütləq nəzərə alırıq və məhz bunun nəticəsidir ki, Azərbaycan “TANAP” layihəsinin təşəbbüskarı olmuşdur. Çünki bizə elə qaz infrastrukturu lazımdır ki, istənilən həcmi istənilən istiqamət üzrə dünya bazarlarına çıxara bilək. Bizə kiçik ölçülü qaz kəməri lazım deyildir ki, təkcə hansısa bir yatağın işlənməsinə xidmət göstərsin. Bizə böyük həcmli qaz infrastrukturu lazımdır. “TANAP” layihəsinin bizim tərəfimizdən irəli sürülməsinin səbəblərindən biri də məhz bundan ibarətdir.

Digər səbəb, onu da siz yaxşı bilirsiniz ki, uzun illər, bəlkə on il ərzində müxtəlif layihələr ətrafında diskussiyalar gedir. Biz görürük ki, bu diskussiyalar elə belə gedir, bunun sonu yoxdur. Yığışırlar, danışırlar, konfranslar, tədbirlər keçirilir, sənədlər imzalanıb, ortalıqda bir şey yoxdur. Biz belə işləməyə öyrəşməmişik. Biz konkret işləməyə öyrəşmişik. Ona görə, görəndə ki, bu diskussiyalar artıq sonsuz xarakter daşıyır, biz konkret qərar verdik, qısa müddət ərzində öz təkliflərimizi irəli sürdük, bütün məsələlər həll olundu. İndi dünyada “TANAP” layihəsinə böyük maraq vardır. “TANAP” layihəsi sırf Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüs əsasında reallaşacaqdır.

Ona görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzimizdədir. Bununla bərabər, Azərbaycanda bərpa olunan enerji növlərinin yaradılması istiqamətində əlavə tədbirlər görülməlidir.

Bir neçə ay bundan əvvəl mən Sumqayıtda günəş panelləri istehsal edən zavodun açılışında iştirak etmişəm. Hesab edirəm ki, çox gözəl təşəbbüsdür. Bu zavodun fəaliyyəti genişləndirilməlidir. Eyni zamanda, dövlət qurumları artıq müvafiq qaydada bu zavodun imkanlarından istifadə etməli, o məhsulları almalı və günəş panelləri əsasında yeni stansiyaların tikintisinə nail olmalıdırlar. Biz gələn il artıq bu istiqamətdə daha da konkret və ciddi addımlar atmalıyıq.

Nəqliyyat sektorunda aparılan işlər barədə nazir bu gün məlumat verdi. Hər bir istiqamət - avtomobil yollarının, dəmir yollarının bərpası üzrə iş gedir. Bu da çox vacibdir. Çünki biz sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir.

Dəniz limanının, yeni aeroportların tikintisi, təyyarələrin, bərələrin alınması - bütün bunlar həll olunur. Artıq mən qeyd etdim, kənd yollarının tikintisi, geniş vüsət almışdır.

Nəqliyyat sektoru gələcəkdə də prioritet məsələlərdən biri olacaqdır. Bakı şəhərinin nəqliyyat şəbəkəsi təkmilləşdirilir və bölgələrdə çox böyük quruculuq işləri aparılır. Mən çox şadam ki, biz bu məsələnin tam həllinə çox yaxınıq. Mən giriş sözümdə qeyd etdim ki, qeyri-neft sənayemiz 7,7 faiz artmışdır. Bu da ölkədə gedən sənayeləşmə prosesinin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, sənayeləşmə prosesi daha da sürətlə getsin. Biz burada yenə də fəaliyyətimizi iki istiqamət üzrə qururuq. Əlbəttə, bizə irihəcmli, böyük potensiala malik olan sənaye müəssisələri çox lazımdır. Çünki bu, bizim qeyri-neft istehsalımızı artıracaq, böyük iş yerlərinin yaranmasına gətirib çıxaracaqdır. Bu barədə mən artıq bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaranır. Ənənəvi olaraq bu mərkəzlərdə ixtisaslaşma getməlidir - Sumqayıt, Gəncə, Bakının Qaradağ rayonu. Üç əsas sənaye mərkəzi yaranmaqdadır. Əlbəttə, digər sahələrdə sənaye məsələləri ilə bağlı inkişaf proqramları vardır, amma əsas sənaye mərkəzləri bu yerlərdə olmalıdır. Yeni texnoparkların yaradılması prosesi gedir. Artıq ilkin gözəl nəticələr vardır, digər fikirlər vardır. Yeni texnoparklar yaradılacaqdır ki, orada böyük müəssisələrin fəaliyyəti nəticəsində kiçik və orta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər.

Kiçik, orta sahibkarlığın stimullaşdırılması prosesi gedir, həm Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə, həm digər xətlərlə. Eyni zamanda, iri müəssisələrin yaradılması, onlara dövlət tərəfindən dəstəyin verilməsi məsələləri də çox vacibdir.

Bizim əlimizdə çox güclü alət - enerji müstəqilliyimiz, zəngin enerji resurslarımız vardır. Azərbaycanda qiymətlər dövlət tərəfindən tənzimlənir. Belə olan halda, daxili istehsalı stimullaşdırmaq üçün, əlbəttə, strateji əhəmiyyətli yerli müəssisələrə güzəştli şərtlərlə enerji daşıyıcıları da verilə bilər və verilir. Biz bu məsələ ilə bağlı çox çevik siyasət aparmalıyıq. Hesab edirəm ki, daxili istehsalı gücləndirmək prioritet məsələ olmalıdır. Buna tam şəkildə nail olandan və sənaye sahəsində istədiyimizə çatandan sonra, əlbəttə ki, Dünya Ticarət Təşkilatı ilə danışıqlarımız daha da sürətlə gedəcəkdir.

Bakı şəhəri və onun qəsəbələrinin inkişaf proqramı icra edilir. Çox ciddi, konkret proqramdır. Vaxt baxımından çox qısamüddətli proqramdır. Yəni, iki ilə biz Bakı qəsəbələrinin bütün problemlərini, sosial-iqtisadi infrastruktur problemlərini həll etməli idik. Biz buna yaxınıq. Hələ bir il vaxt vardır. Əminəm ki, növbəti ilin sonuna qədər bu proqram tam şəkildə yekunlaşacaq və Bakı qəsəbələrində bütün infrastruktur və sosial məsələlərin həllinə nail olacağıq. Artıq verilən tapşırıqlar bunu göstərir. Bütün qəsəbələrdə quruculuq işləri aparılır. İlk növbədə, su-kanalizasiya layihələri icra edilir. Ondan sonra yollar tikilməyə başlanacaqdır. Paralel olaraq qazlaşdırma, məktəblərin, xəstəxanaların, poliklinikaların tikintisi, iş yerlərinin yaradılması prosesi gedir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə Bakı qəsəbələrinin iqtisadi inkişafına yönəlmiş layihələr icra edilir. Yəni, biz qəsdən belə dar zaman kəsiyini götürdük ki, bu məsələni tezliklə həll edək. Gələn ilin sonuna qədər Bakı və onun qəsəbələrinin inkişafı proqramı tam şəkildə yekunlaşmalıdır.

Şəhərimizin inkişafı ilə bağlı, - bunu Bakı sakinləri də görürlər, - böyük quruculuq, abadlıq işləri aparılır. Yeni parklar, istirahət zonaları salınır. İnsanların rahatlığı üçün çox böyük işlər görülür. Böyük parkinqlər tikilir və bu məsələ çox vacibdir. Çünki Bakı küçələrində kifayət qədər çox maşın dayanır. Əlbəttə ki, bu, yolverilməzdir. Digər tərəfdən, biz başa düşməliyik ki, əgər parkinq yoxdursa, maşın sahibi onu haradasa saxlamalıdır?! Ona görə biz bu sahədə hesab edirəm ki, ədalətli mövqe nümayiş etdiririk. Parkinqlər tikilənə qədər bu məsələyə bir qədər göz yummaq mümkündür. Amma parkinqlər tikilib istifadəyə verildikdən sonra küçədə bir dənə də olsun maşın qanunsuz olaraq parkinq etməməlidir. Bütün maşınlar parkinqlərdə saxlanılmalıdır. Biz böyük parkinqlər tikirik. Heydər Əliyev Sarayının arxasında bir kilometr uzunluğunda, yüz əlli metr enində ikimərtəbəli parkinq tikilir ki, orada dörd min maşın saxlamaq mümkündür. Azadlıq meydanının altında böyük parkinq tikilir. Orada ən azı iki min maşın saxlamaq mümkün olacaqdır. Mən Hacıbala Abutalıbova tapşırdım ki, şəhərdə digər yerlər müəyyən edilsin. Boş yerlər çoxdur. O yerlərin altında parkinq, üstündə yaşıllıq zonaları və istirahət parkları tikilməlidir. Ona görə biz bu məsələlərlə bağlı da çox ciddi məşğuluq.

Bütövlükdə ölkəmizdə bütün proseslər müsbət istiqamətdə gedir. Azərbaycan doğrudan da, böyük uğurlara nail olur. Bu yaxınlarda İkinci Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi və uğurlu keçirilməsi çox müsbət haldır. Artıq cəmi bir il ərzində, birinci Forumdan keçən dövr ərzində və ikinci Forumun yekunları bunu təsdiqlədi. Biz dünya miqyasında çox vacib bir diskussiya meydanını yarada bilmişik. O diskussiya meydanı ki, dünyanın elitası artıq ikinci dəfə Bakıda toplaşır. Bu Forum ənənəvi olaraq keçiriləcəkdir. Bu dəfə bu Forumda təmsil olunan xadimlərin çıxışları, onların fikirləri həm çox dəyərli idi və həm də onların bu Forumda iştirakı da tədbirin əhəmiyyətini böyük dərəcədə artırmışdır. On sabiq Prezident, 11 Nobel mükafatçısı, məşhur professorlar, dünya elm, mədəniyyət elitasının nümayəndələri Bakıda idilər. Altı yüz nəfərdən çox qonaq gəlmişdi. Onlar 62 ölkəni təmsil edirdilər. Yəni, bu, həm məzmun, həm mahiyyət baxımından vacibdir, eyni zamanda, ölkəmizlə tanış olmaq üçün onlara imkan yaradılmışdır. Forum öz işini yekunlaşdırandan sonra bölgələrə səfərlər təşkil edilmişdir. Dörd şəhərə səfərlər təşkil edilmişdir. Qonaqlar Naxçıvan, Lənkəran, Qəbələ və Gəncə şəhərlərinə təyyarələrlə uçdular. Yəni, bu da çox əlamətdar bir haldır. Hər bir şəhərə təyyarə ilə uçdular. Orada bütün infrastruktur, mehmanxanalar vardır, tarixi yerlərlə tanış oldular və Azərbaycan haqqında daha da dolğun təəssürat əldə etdilər. Ona görə bu, çox gözəl formatdır və şadam ki, Forumun yekunları çox müsbət oldu.

Bununla bərabər, bu il ərzində və keçən il çox ciddi hadisələr baş vermiş, Azərbaycanın dünyadakı rolunu, yerini böyük dərəcədə artırmışdır. “Eurovision” mahnı müsabiqəsi. Biz “Eurovision”un Bakıda keçirilməsinə təşəbbüs göstərməmişdik. Sadəcə olaraq, müsabiqənin şərtləri belə idi ki, o, qalib olan nümayəndələrin ölkəsində keçirilir. Yüksək səviyyədə keçirmişik. Bəlkə də ən yüksək səviyyədə keçirmişik. Öz mədəniyyətimizi və reallıqlarımızı bütün Avropaya təqdim edə bilmişik.

BMT Təhlükəsizlik Şurasına üzv seçildik. Cəmi 20 il müstəqillik həyatını yaşayan ölkə üçün bu, tarixi nailiyyətdir. Yüz əlli beş ölkə bizi dəstəklədi. Qoşulmama Hərəkatına üzv olduq. Bu da siyasi cəhətdən çox düzgün bir addım idi. Bu, yenə də bizim xarici siyasətimizin böyük qələbəsi idi. O təşkilata üzv olmaq və üzv olduqdan sonra cəmi bir il ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı, ərazi bütövlüyü prinsipini rəhbər tutan qətnamənin qəbul edilməsinə nail olmaq çox böyük tarixi nailiyyətdir. Biz cəmi bir il idi ki, o təşkilatda fəaliyyət göstərirdik. Amma bu fəaliyyət o qədər fəal və Azərbaycana olan münasibət o qədər müsbət idi ki, bir il ərzində 120 ölkə bizim mövqeyimizi dəstəkləmişdir. Bundan başqa, Olimpiya Oyunlarında uğurlarımız. Biz dünya miqyasında aparıcı idman dövlətləri arasındayıq. Bu da reallıqdır. Yəni, bütün bu uğurlar bizi sevindirir, düşmənlərimizi isə məyus edir.

Əminəm ki, gələcək illərdə bu meyillər daha da güclənəcəkdir. Bizim hər bir qələbəmiz Ermənistanın faciəsidir. Hər bir uğurumuz onların məyusluğudur. Bizim uğurlarımız hələ çox olacaqdır. Ən böyük uğur o vaxt olacaqdır ki, Azərbaycan bayrağı Şuşada və Xankəndidə dalğalanacaqdır. Mən buna əminəm, buna şübhə etmirəm. Hər birimiz, hər bir vətəndaş o tarixi günü öz işi ilə yaxınlaşdırmalıdır. Sağ olun.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir