CƏMİYYƏT
Azərbaycan Prezidenti bir daha göstərdi ki, insanların sağlamlığına, təhlükəsizliyinə nə qədər böyük önəm verir
Bakı, 6 aprel, AZƏRTAC
İnsanlar maskanı virusa qarşı ən böyük silah hesab edirlər. Çünki müharibə psixologiyasında silah nədirsə, bu gün maska odur. Prezident İlham Əliyevin aprelin 6-da açılışını etdiyi tibbi maska müəssisəsi vətəndaşlarımızı əmin etdi ki, cəbhənin bu hissəsində də qalib gəlmək əzmindəyik.
Bunu AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib. O qeyd edib ki, eyni zamanda, öz tələbatımızı qarşılayacaq, hətta digər ölkələrə də ixrac etmək üçün nəzərdə tutulan istehsal təkcə iqtisadi, tibbi göstərici deyil, birbaşa milli təhlükəsizlik məsələsidir: “Azərbaycan dövlətçiliyi müstəqillik tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə təkcə inkişaf yolu qət etmir, fövqəladə hallarda, təbii fəlakətlərdə zərər çəkən vətəndaşlarını mənzillə təmin edir, sosial rifahının qayğısına qalır. Bu gün də ağır durumda ölkə başçısı insan amilinin əsas olduğunu göstərir, açıq şəkildə görünür ki, dövlətin yürütdüyü siyasətdə əsas amil insanların sağlamlığı, təhlükəsizliyi, rahatlıq və rifahıdır. Azərbaycan Prezidenti bir daha göstərdi ki, bu amilə nə qədər böyük önəm verir.
Ə.Əlibəyli dünyada cərəyan edən bəzi anormal proseslərin də təəssüf doğurduğunu qeyd etdi: “Bu gün pandemiya dünyaya yeni bir baxış təqdim edir. Dünyanın böyük dövlətləri, eyni zamanda, yeri gəldi-gəlmədi özlərini insan haqlarının qoruyucusu, demokratiyanın keşikçisi kimi təqdim edənlərin timsalında rasist çağırışların şahidi oluruq, pandemiya ilə mübarizə faşizmin güclənməsi, millətçi şüarların artması ilə müşayiət edilir. Amma faktiki dünyada əsas söz sahibi olanlar artıq pandemiyaya qarşı uğurlu mübarizə aparanlardır. Bu sırada Azərbaycan ilk yerlərdən birində qərarlaşmaqla yeni dünyanın dizaynında önəmli rola malikdir”.
Ə.Əlibəyli daha sonra bildirib ki, Operativ Qərargahın iş prinsipi, əldə edilən təcrübələr, data-bazaların yaradılması, icraya qəbul edilən qərarların qısa müddətdə uyğunlaşdırılması böyük uğurla davam etdirilir: “Dünyada Beynəlxalq Valyuta Fonduna müraciət edən ölkələrin sayı 80-i keçib. Amma bir zamanlar BMT-nin qaçqınlar üzrə qurumlarının siyahısına başçılıq edən Azərbaycan artıq bu siyahıda yoxdur, eyni səviyyəli mübarizəni pandemiyaya qarşı da göstərməkdəyik”.