SİYASƏT
Azərbaycan Prezidentinin balanslı xarici siyasəti dünyada hörmətlə qarşılanır
Bakı, 18 fevral, Həsrət Mahmudova, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü balanslı xarici siyasət dünyada hörmətlə qarşılanır. ABŞ-ın Baş Qərargahlar rəisi general Cozef Danfordun Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov ilə görüşünün Bakıda keçirilməsi bunun sübutudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayilov deyib. Ş.İsmayılov qeyd edib ki, uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri, xüsusilə ABŞ və Rusiya ilə yaxın münasibətlər qurub. Bu münasibətlər gələcəkdə də inkişaf etdiriləcək. Bakıda keçirilən bu görüş bir daha təsdiqlədi ki, ABŞ və Rusiya Azərbaycan Prezidentini dünya səviyyəli lider və etibarlı tərəfdaş kimi təqdir edirlər. Bu görüş üçün məkan olaraq Bakının seçilməsi həm də Azərbaycanın dünyada artan nüfuzundan xəbər verir.
Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan bu gün regional qarşıdurmaların, gərginliyin yatırılması üçün vacib addımlar atır. Azərbaycan Respublikasının xarici siyasəti dünyada və regionda sabitliyin, təhlükəsizliyin, qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmlənməsi kimi ali məqsədlərə xidmət edir.
“Danılmaz faktdır ki, ABŞ-ın Baş Qərargahlar rəisinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə Bakıda keçirilən görüşü Azərbaycanın uğurlu xarici siyasətinin göstəricisidir. Bu, təsdiq etdi ki, artıq Azərbaycan beynəlxalq qərarların qəbul olunduğu bir ölkəyə çevrilib. Azərbaycan bununla bir daha sübut etdi ki, yüksək səviyyəli görüşlərin keçirilməsi üçün kifayət qədər sabit, təhlükəsiz məkandır”, - deyə Ş.İsmayılov qeyd edib.