SİYASƏT


Azərbaycan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı ilə dünyaya öz modelini təqdim etdi

Bakı, 4 iyul, AZƏRTAC

Yüksəksürətli inkişaf nəticəsində güclü dövlətə çevrilmiş ölkəmiz bölgədə yaranmış yeni reallıqlar fonunda regional layihələrin iştirakçısı olmaqla yanaşı təşkilatçı funksiyasını da artırıb. Azərbaycanda bəşəriyyəti daim narahat edən problemlərlə əlaqədar beynəlxalq konfransların təşkil edilməsi, mədəniyyətlərarası siyasi dialoqları ehtiva edən, iqtisadi əməkdaşlığa rəvac verən forumların keçirilməsi, mötəbər toplantılara ev sahibliyi etməsi həm də Azərbaycanın xarici aləmdəki mövcud nüfuzunun, gücünün göstəricisidir. Bu il respublikamızda təşkil olunmuş beynəlxalq tədbirlər iqtisadiyyat, elm və təhsil, siyasət sahələrini əhatə etməklə bərabər, sivilizasiyalararası dialoqu reallaşdıran qlobal sosial problemlər də diqqətdən kənarda qalmır.

Belə mötəbər tədbirlərdən biri də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr edilən Bakı konfransı oldu. Maraqlı və səmərəli müzakirələrlə yadda qalan Bakı konfransına 40-dan çox ölkənin parlament nümayəndə heyətləri və 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılmışdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında ekspert Aydan Qurbanova söyləyib.

O qeyd edib ki, Bakı konfransı Azərbaycanın beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək nüfuz qazanmış və söz sahibinə çevrilmiş güclü ölkə olduğunu bir daha sübut etdi. Ölkəmiz bu cür nüfuzlu tədbirlərə ev sahibliyi etmək üçün əlverişli humanitar və siyasi meydana çevrilib. Dövlətimizin başçısının yürütdüyü uğurlu siyasətin nəticəsidir ki, Azərbaycanın uzun illər beynəlxalq müstəvidə dayanıqlı və etibarlı tərəfdaş qismində çıxış etməsi dünya ölkələri tərəfindən birmənalı şəkildə müsbət qarşılanır və bu müsbət münasibətin təzahürü olaraq paytaxt Bakıya müxtəlif ölkələrdən yüksək səviyyəli parlamentarilər təşrif buyurub. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün üzv ölkələrin maraqlarını, beynəlxalq hüququn norma və prinsiplərini müdafiə edərək böyük etimad qazanıb.

“Təsis olunduğu gündən etibarən Qoşulmama Hərəkatı qlobal ədalət, həmrəylik prinsiplərinə sadiq qalaraq bu prinsiplərin dünyada bərqərar olması istiqamətində əməli addımlar atır. Bu addımların nəticəsi olaraq Hərəkatın beynəlxalq münasibətlər sistemində rolu müstəsnadır və böyük əhəmiyyətə malikdir. Hazırda Azərbaycanın rəhbərlik etdiyi Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan tərəfinin təşəbbüsü ilə təsis edilən Parlament Şəbəkəsi heç şübhəsiz təşkilatın işini daha da intensivləşdirəcək, daxili müzakirələri və qərarların qəbulunu sürətləndirərək bəşəriyyəti təhdid edən çağırışların həlli istiqamətində önəmli addımlar atacaqdır”, - deyə A.Qurbanova vurğulayıb.

O əlavə edib ki, Vətən müharibəsi dövründə əldə etdiyimiz diplomatik dəstək Azərbaycanın Qoşulmama Hərəkatı qismində təsirli geosiyasi güc və diskussiya müstəvisi qazandığının sübutudur.

“Prezident İlham Əliyevin Bakı konfransında çıxışı zamanı Azərbaycanın Qoşulmama Hərəkatına üzv olduğumuz və fəaliyyət göstərdiyimiz ilk gündən etibarən həmrəylik, qarşılıqlı dəstək və “Bandunq prinsipləri”nin təşviqinə töhfə verdiyimizi xüsusilə vurğulaması Azərbaycanın dünyada qəbul olunan norma və prinsiplərə necə hörmətlə yanaşdığının göstəricisidir.

Qoşulmama Hərəkatının sədri olan ölkəmiz Parlament Şəbəkəsinin Bakı konfransı ilə dünyaya öz modelini təqdim etdi: Münaqişələri necə həll edə bilərik, sülhə, əmin-amanlığa və nəhayət inkişafa necə nail ola bilərik.

Konfrans sonrası parlamentarilər Füzuli və Şuşa şəhərlərinə səfər edərək erməni vandalizmi nəticəsində dağıntılara məruz qalan tikililərlə tanış olublar. Bu səfər bir daha təsdiq edir ki, Qoşulmama Hərəkatına üzv ölkələr Azərbaycanın haqq savaşını, ərazi bütövlüyünü dəstəkləyirlər. Azərbaycan isə öz növbəsində bu hərəkatın ruh və prinsiplərinə tam cavab verərək üzərinə düşən sədrlik missiyasını layiqincə yerinə yetirir”, - deyə ekspert diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.