CƏMİYYƏT
Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 30 mart, AZƏRTAC
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna hüquqi və fiziki şəxslər tərəfindən yardımlar davam edir.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fonda dəstək verənlər sırasına Azərbaycan seysmoloqları da qoşulublar.
Belə ki, Azərbaycan Seysmoloqlar Assosiasiyası İctimai Birliyi tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat ianə edilib.